Könül Nuriyeva - Anamın ən böyük xəsisliyi nəvazişindəydi
Anamın ən böyük xəsisliyi nəvazişindəydi,
məni qucaqlamazdı, nəyi vardısa gülüşündəydi
danlağı dilə gətirməzdi, sözləri baxışındaydı.
O öləndə bildim ki, sevginin də qıtlığı olurmuş,
adam anasından sonra aclığını doydurmaqçün
hansısa qaragünü sevirmiş…
ac qalmamaqçün yad birinin dərdindən ölürmüş.
Atam ömrünü bir tikə çörəyə sərf elədi
çörəyi tapdı, ömrü tapmadı.
Həmişə anamı aldatdı, məni isə heç aldatmadı,
öz adını unutduğu günlər oldu,
anamın adını heç unutmadı…
Atam evi dünya qurmaq üçün tikmişdi,
ev bitəndə, özü də dünyadan getmişdi…
Bərəkətli yaşamışdı,
bu dünyanın səhərinə
gözünü açdığı rəqəm yetmişdi…
Anam ömrünün son günlərində
əziyyətlə qurduğu xəyalın çiyinlərində
yük olmamaq üçün heç kimə
mənimlə vidalaşırmış demə
yeriyirdi ayaq ucuyla,
məni tək qoymağın suçuyla
dünyadan da eləcə,
bir səhər gizlincə
getdi heç kimə görünmədən,
məni yarımcan qoydu heç özü də bilmədən…
İnsan yaşlandıqca etmir qənaət günlərini xərcləyir geninə-boluna.
Tək qocalığında yox,
atam elə cavanlığından edərdi ibadət…
Atamın var-dövləti yox idi,
nəyi vardısa qara günçün saxlamışdı
o günü gözlədi, gəlmədi
bizim o günü gördüyümüzü isə heç bilmədi…
Bəlkə buna görə öləndə ağlamışdı?!
Anam deyərdi, — Bir göz qırpımıdır dünya
ömür ömür olmur ki, ay bala,
boş xülya olur xülya.
Dünya hələ baxır, anam isə yumdu gözünü
heç fikirləşməzdi ki özünü…
Evimizdəki ən köhnə əşya onun xatirəsiydi,
O kitab idi, ana duasının işarəsiydi
qalmışdı yastığının üstündə
elə bil evimizin minarəsiydi…
O da tozlandı, amma silməyə əlim gəlmədi.
nə qədər ki, anamın oxuduğu Quran evimizdəydi,
mənə elə gəlirdi ki, anam heç ölmədi…
Anam ömrünü sabahkı günə bağlamışdı,
O gün gələndə gördük ki, nə sabah qalıb, nə də anam
yaman namərd çıxdı analı zaman…
Atam o qədər sakit yaşadı ki,
ölümü də səs-küysüz oldu,
atamdan sonra anamın divardakı şəklinin gözləri
hər gün yaşardı, hər gün doldu…
Yadımdadı, anamın əlləri torpaq qoxuyurdu,
anam keşniş dəstələmirdi,
elə bil yaşıl çəmən toxuyurdu…
İndi torpağın da anam kimi qoxuduğunu anlayıram.
niyə anamın əllərindən az öpmüşəm deyə,—
az qala hər saat özümü danlayıram!
Anam bu dünyadakı ən incə qadın
bircə dəfə əyilmədi qarşısında yadın.
Özü daşıdı çiynində yükü,
Yerə qoyanda bildik ki, yükü özüymüş.
“Qızım” onun ən isti sözüymüş…