Məmməd Qədir - Qopub
Gəl ağla halıma, ay hal adamı,
Gülləri üstündə yarpağım qopub.
İlahi, neynirəm bu lal adamı,
Dilim parçalanıb, dodağım qopub.
Yağışlar isladır, sel tutur məni,
Canıma qəm çökür, lil tutur məni,
Küləklər qovurur, yel tutur məni,
Elə bil gövdəmdən budağım qopub.
Eşqə tutulandan canım qəm çəkir,
Həsrətə yoluxub dərd, ələm çəkir,
Gözümün yaşından elə nəm çəkib,
Dağlarım ovulub, torpağım qopub.
Ayrılıq ipimi kəsib, - düşmüşəm,
Köhnə yarpaq kimi əsib düşmüşəm,
Bir qansız həsrətə əsir düşmüşəm,
Sərhəddim pozulub, bayrağım qopub.
Nəyi var, nə alım borca dünyadan,
Yaxşı dərs götürdüm xoca dünyadan,
Daha yıxılıram - qoca dünyadan
Əllərim üzülüb, ayağım qopub...