Ayaz Arabaçı - Yeni ŞEİRLƏR
Telefonda hər gecə
anadiləm, bilirsən,
Ürəyimi yolunda qanadıram, bilirsən,
Dişimlə-dırnağımla
can atıram, bilirsən,
Könlümün yazılmamış dümağ səhifəsində
Sənə olan bu istək, sənə olan bu meyil,
Qurban olmaq üçündür,
Başqa şey üçün deyil.
Gəlim Kürdə hönkürüm,
gedim batım Arazda,
Barmaqlarım qırovda, dodaqlarım ayazda..
Çəkib uzatmaq olar
bu nəğməni bir az da,
Amma əsas məqsədim güldən zərif könlünə,
Kəpənək qanadında gecə-gündüz onu bil,
Mehman olmaq üçündü,
Başqa şey üçün deyil.
Öz ağzında dəfn elə,
yaman deyən dilləri,
Yuxuda keçirmişəm yaxşı ki, bu illəri,
Gör necə yaşıllaşıb
ömrümün sahilləri,
Hansı qızıl qanaddan enmisən yer üzünə.
Bəlkə də həsrətinlə bunca keçən milyon il,
Dərman olmaq üçündü,
Başqa şey üçün deyil..
***
Mən hələ də həyatdan,
Dərs almaq zorundayam.
Məzmun etibarıyla,
Hörümçək torundayam.
Adam heykəli çıxmaz,
Yaşatdığım isimdən.
Narazıyam bu ömrün,
İnşa mühəndisindən.
Ömrü saatbasaat,
Başlamışam qarətə.
Həyatın gerçək üzü ,
Layiqdi həqarətə.
İki dünya bir olsa,
Sözümü geri almam.
Məni satan adamdan,
Özümü geri almam.
Ağlım istədiyimtək,
Hərəkətli deyildir.
Dərddən başqa heç nəyim,
Bərəkətli deyildir.
Yalanı doğrulayıb,
Gerçəyi pisləyirəm.
Özüm də heç bilmirəm,
Nə etmək istəyirəm.
Hər tərəfdən bağlanan,
Ümid yollarım ölmüş..
Qılıncı yadırğamış,
Yorğun qollarım ölmüş.
Tanrı, toyda-nişanda,
Mənə də bax, güzgünəm,
Səni xilas etməyə,
Gücüm yoxdu, üzgünəm...
***
Baxışların ürəyimə süzülüb,
Köz üstündən-köz əmələ gətirir..
Ömrüm-günüm,aramızda bircə hərf,
Bir kitablıq söz əmələ gətirir..
Azalmasın xəracların-bacların,
Gözü doysun,könlü doysun acların,
Qucağıma dağılanda saçların,
Qollarımdan saz əmələ gətirir.
İşığını səndən aldı-payladı,
Sənin işin Günəşlədi,Ayladı..
Ayaqların yeriyəndə layladı,
Yerişlərin naz əmələ gətirir..
Bu sevgidən xəbəri yox ellərin,
Ürəyindən qopub gəldin illərin,
Əllərimdə qaranquşdu əllərin,
Gülüşlərin yaz əmələ gətirir..
Gəlib döydün bu qapını nə deyə..
Ay bənzərsiz,ay ziqiymət hədiyyə,
Sənin kimi bir gözəli təbiət,
Az yaradır,az əmələ gətirir.