Qarabağ Universitetində bu ixtisaslar da olacaq

Elm 11:06 / 04.12.2023 Baxış sayı: 3538

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinə xüsusi önəm verir.

Yenises.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşündə çıxışı zamanı deyib.

"İqtisadi Əməkdaşlıq Təşkilatı ilə uğurlu tərəfdaşlıq münasibətlərimiz mövcuddur və bu əməkdaşlığın turizm, eləcə də turizm təhsili üzrə inkişaf etdirilməsini yüksək qiymətləndiririk. Turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva ölkə turizminin inkişafına hər zaman öz dəstəyini hiss etdirir.

Əsas məqsədimiz Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən xoş hisslərlə ayrılırlar" - o bildirib.

Turizm Agentliyinin sədri deyib ki, bununla yanaşı, turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır.

Fuad Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyinin tabeliyində hazırda 3 turizm təhsili ocağı fəaliyyət göstərir:

"Bunların tərkibinə ali təhsil orqanı kimi bir universitet, bir kollec və bir turizm peşə məktəbi daxildir. Ümumiyyətlə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Bununla yanaşı qeyd etmək istəyirəm ki, 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda cənab Prezident Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu universitetdə turizmlə bağlı da ixtisaslar olacaq.

Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insan çalışır. Bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir".