Nurlanə  Məmmədova : -  ƏLİSƏFA AZAYEVİN YARADICILIĞINDA QARABAĞ MÖVZUSU

Ədəbiyyat 12:27 / 02.01.2023 Baxış sayı: 7303

 

Nurlanə Hümmət qızı Məmmədova

AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Ədəbi tənqid şöbəsinin

böyük elmi işçisi 

 

Müharibə və ədəbiyyat. Bu ikilik bütün dövrlərdə aktuallığını qoruyub saxlayır. Nə qədər ki, müharibə məfhumu var, bu tipli mövzular ədəbiyyatdan yan keçə bilməz. İnsanların ağrı-acılarını, müharibənin dəhşətlərini bədii mətn qədər dolğun əks etdirən ikinci bir mənbə tapmaq çətindir. Hüseyn Cavidin “Müharibə və ədəbiyyat” məqaləsində də qeyd etdiyi kimi, “Ədəbiyyat, bir millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. Gələcək necə isə, indiki ədəbiyyat və fəlsəfənin təsiri və nüfuzuna qapılır və heç bir dürlü də qurtuluş imkanı tapa bilməz”. Ona görə də bu mövzuda yazılan əsərlərin gələcək nəsillərin təlim-tərbiyə işində əhəmiyyəti böyükdür. Belə ki, Birinci Qarabağ müharibəsindən sonra yazılan əsərlərin mövcudluğu, bu əsərlərdə düşmənə qarşı barışmazlıq, əyilməzlik və Vətənə sevgi hisslərinin aşılanması İkinci Qarabağ müharibəsində gənclərin döyüş əzmində özünü göstərdi.

Ədəbiyyatın sərhəddi genişdir. Bu sərhədsizlik böyük həqiqətləri, yaşanmış fəlakətləri bütün aydınlığı ilə qələmə almağa yazıçı üçün imkanlar yaradır. Bu səbəbdən müharibə və onun qurbanı olan insan yazıçı təhkiyəsində öz reallığı ilə əks etdirilməli, oxucunun hisslərinə tərcüman olmalıdır. Əslində müharibədən yazmaq məsuliyyət tələb edən bir məsələdir. Bu zaman müharibə psixologiyasını aça bilmək, faktlarda təhrifliyə yol verməmək vacib faktor kimi ortaya çıxır. Zəngin sərvətləri, təbiəti ilə diqqət mərkəzində olan Qarabağ Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərində aktual mövzular sırasına daxil olmuşdur. Birinci Qarabağ müharibəsindən sonra əsərlərdə bu mövzu daha qabarıq şəkildə özünü göstərməyə başlamışdır. Qarabağın gözəl mənzərəsinin təsviri ilə yanaşı, müharibə mövzusu da qələmə alınmışdır. Nəsr sahəsində Qarabağ uğrunda gedən döyüşləri əks etdirən bir-birindən dəyərli bədii mətinlər mövcuddur. Bu bədii nümunələr arasında Əlisəfa Azayevin əsərləri dövrün ümumi mənzərəsini, döyüş bölgəsində və arxa cəbhədə insanların ruh halını canlandırmaq baxımından əhəmiyyətlidir. Əlisəfa Azayev əsərlərində Qarabağ mövzusu ilə bağlı müxtəlif problemlər qaldırır, bu problemlərin həlli yolarını tapmağa çalışmışdır.

 

1. AZƏRBAYCAN NƏSRİNDƏ ƏLİSƏFA AZAYEVİN YERİ

Əlisəfa Azayev yaradıcılığa XX əsrin 70-ci illərindən başlamışdır. İlk əsəri “Xatirə” hekayəsi 1974-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdur. O, “Yeddi il sonra”, “Çin qızılgülü”, “Gecəyarı sui-qəsd”, “Kürdəmir şəhidləri”, “Sirli qətl”, “Gözlənilməz hadisə”, “Amansız qatil”, “Qürbət ellərdə”, “Prokuror qızı”, “Sahildə qətl”, “Qatarda hadisə”, “Günahsız məhbus”, “Bir gecənin sirri”, “Gizli əməliyyat”, “Kapitanın sərgüzəştləri”, “Bayıl məhbusu”, “İstintaq sirri”, “Xəyanət qorxusu”, “Səadət sorağında”, ”Vahimə”, “Aspirantın taleyi”, “Qorxulu oyun”, “Casusun ifşası”, “Məhkumun fəryadı”, “Ölum qorxusu”, “Fədakarlıq anı”, “Sənət eşqi”, “Tanrı payı”, “Kürdəmir həqiqətləri”, “Əzəl qanun”, “Mühakimə”, “Məhkəmə hekayətləri”, “Mayorun iş günləri”, “Nifrətdən güclü”, “General qətiyyəti”, “Mübariz cəsurluğu” kitablarının müəllifidir. Bu kitablara daxil olan nəsr əsərlərində detektiv janra üstünlük vermişdir. Dünya ədəbiyyatında bu istiqamətdə bir çox əsərlər yazılmışdır. Edgar Allan Poenin, Aqata Kristinin, Georges Simenonun, Den Braunun əsərlərində detektiv obrazlarına təsadüf edilir. Azərbaycan ədəbiyyatında da bu istiqamətdə əsərlər yazılmışdır. Çingiz Abdullayevin, Elxan Elatlının detektiv janrda yazıları vardır. Əlisəfa Azayevin detektiv üslubda yazdığı əsərlər özünəməxsusluğu ilə diqqəti cəlb edir.

Əlisəfa Azayev 2000-ci illərdən başlayaraq Qarabağ müharibəsinin reallıqlarını əks etdirən əsərlər yazmışdır. Onun povestlərində müharibə kadrları qələmə alınmış, hekayələrində isə Birinci Qarabağ müharibəsinin insanlarda qoyduğu izlər və sosial problemlər qabardılmışdır. “Acı dondurma” hekayəsində Xocalı faciəsində həyat yoldaşını və övladlarını itirən qadının xoşbəxt ailə gördükdə vaxtilə yaşadığı gözəl günləri xatırlamasından, “Gecə qatarında” hekayəsində şəhid olmuş qardaşının intiqamını almaq üçün döyüşlərə qoşulan qızdan, “Qaçqın ailəsində” hekayəsində şəhid ailəsində dünyaya göz açan oğlan uşağına Milli Qəhrəman Çingiz Mustafayevin adının verilməsindən, “İsti gün” hekayəsində əsgər formasına olan hörmətdən, “Yalquzaq” hekayəsində insanların doğma yurdundan çıxarılmasından, “Sığorta pulu” hekayəsində Qarabağ müharibəsindən, cəbhədə baş verənlərdən yazan jurnalistin faciəli və müəmmalı ölümündən danışılır.

Yazıçının “Qanlı gündəlik” (2002) povestində Şuşa uğrunda gedən döyüşlərdən bəhs olunur. On beş dəftərdən  ibarət olan əsgər gündəliyində müharibənin amansız tərəfləri, vətən torpaqlarının dağılmış vəziyyəti, insanların ağır yaraları əks olunmuşdur. Yazıçının əsərini gündəlik şəklində qurması bir əsgərin müharibə meydanında keçirdiyi hiss-həyəcanları oxucuya gerçəkliyi ilə aşılamaq istəyindən irəli gəlmişdir. “Əsgər anası” (2000)  povesti oğlunun taleyindən narahat olan ananın ağrı-acısını, doğma yurdu düşməndən qorumaq üçün canından keçməyə hazır olan gənclərin fədakarlığını əks etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında oxuculara təsir göstərir, müharibə şəraitində insan psixologiyasının xüsusiyyətlərinin açılmasına imkan yaradır.

2. ƏLİSƏFA AZAYEVİN “QANLI GÜNDƏLİK” ƏSƏRİNDƏ TARİXİ GERÇƏKLİK VƏ BƏDİİ HƏQİQƏT

“Qanlı gündəlik” əsəri tarixi faktlarla zəngin bədii materialdır. Əsərin baş qəhrəmanı qanlı gündəliyin sahibi əsgərdir. Əsərdə Rusiyada Xüsusi təyinatlı qoşun hissəsində xidmət edən əsgərin Şuşaya gətirilməsi, onun dilindən Şuşa hadisələri nəql olunur. 1988-ci ildən 1992-ci ilə qədərki tarixi hadisələr əsgər Əlinin gündəliyində yer almışdır. Müəllif əsgərin döyüş təəssüratları, ailə daxili münasibətlər və sevgi hissləri fonunda Azərbaycan xalqına və torpaqlarına qəsd mövzusunu diqqət mərkəzinə çəkmişdir. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxması haqqında qərarın qəbulu, fevralın 22-23-də ağdamlıların bu qərara etirazı, 1989-cu ilin yanvarından DQMV-in Azərbaycan tərkibindən çıxarılıb Moskvaya tabe etdirilməsi, 1990-cı il 20 yanvar faciəsi, 1990-cı il iyulun 25-də DQMV-də azərbaycanlılardan ov silahlarının yığılması haqqında qərarın verilməsi, 1991-ci il 20 noyabrda Qarakənd kəndi üzərində Azərbaycan dövlət rəhbərlərinin uçduğu vertolyotun vurulması, 1992-ci il yanvar 25-26-da Daşaltı əməliyyatı, Qarabağa daxil olan kəndlərin işğalı xronoloji ardıcıllıqla verilmişdir.

Müəllif daha qədimlərə gedib çıxır, xarici qəsbkarların Şuşaya, Qarabağa olan işğalçılıq siyasətinin hər bir dövrdə aktual olduğunu yada salmışdır. Yazıçı Dağlıq Qarabağın I-II əsrlərdə Roma işğalçılarına, III-IV əsrlərdə Sasani hökmdarlarına qarşı apardığı mübarizəni, VIII əsrdə Ərəb xilafətinin tərkibinə qatılmasını, 1813-cü ildə Şimali Azərbaycanın tərkibində Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini, 1923-cü il iyunun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını xatırladır. Bu hadisələr haqqında məlumat verən yazıçı tarixi faktların içində itib-batmırdı. Qədim dövrlərdən Birinci Qarabağ müharibəsinə qədərki hadisələrin təsviri zamanı tarixi gerçəkliyi və bədii həqiqəti uzlaşdıra bilmişdir. Həqiqət, tarixi faktlar yazıçı təxəyyülünün qovşağında daha inandırıcı təsir bağışlamışdır. Tarixi faktların sıra ilə düzülməsi yaradıcı şəxsiyyətin tarixi hadisələrə marağından və vətəndaş borcundan qaynaqlanmışdır. O, tarixi gerçəkliyin obyektiv mənzərəsini yaratmaqla yanaşı, bu tarixin insan taleyinə təsiri məsələsini də açmağa çalışmışdır. Əsərin qəhrəmanı Əli müharibənin hər üzünü görmüşdür. O, bu gözəl diyarın tarixini bilmək, ermənilərin bura olan marağını aydınlaşdırmaq istəyirdi. Səbəb nə idi? Nə üçün bu torpaqlar işğalçıların maraq dairəsində idi? On beş dəftərin hər birində bu məsələ qabardılır və bu suallara cavab axtarılırdı. Müəllif bu nəticəyə gəlirdi ki, əlverişli təbii şəraiti, inkişaf etmiş mədəniyyət ocaqlarından olması bu bölgəyə marağın artmasına səbəb olmuşdur. Qarabağ ipək kombinatının, Xankəndi elektrotexnika zavodunun, Şuşada Şərq musiqi alətləri fabrikinin olması, bir sözlə, iqtisadi və sənaye mərkəzi olması Qarabağa olan marağı artırmışdır: “Müstəqilliyimizi gözü götürməyənlər çox idi. Gözəgörünməz əllər öz işini görməkdə idi. Azərbaycan, bu bərəkətli torpaq tarixən çoxları üçün yağlı tikə olmuşdur” (Əlisəfa Azayev). Valehedici gözəlliyi və abidələri ilə Şuşa gənc əsgəri özünə cəlb etmişdir. Hərbi xidmətdən qayıdıb hüquq fakültəsinə daxil olan gənc Vətənin bu dar gününə dözə bilmir, təhsilini yarımçıq qoyub yenidən könüllü olaraq Şuşaya yollanır.

Müəllifin uğuru onda idi ki, bu hadisələr yalnız quru təsvirdən ibarət deyildir. O, anbaan erməni vəhşiliyini qabartmaqla düşmənə nifrət hissi, gənc nəslə vətənpərvərlik duyğuları aşılaya bilmişdir. Laçının Köhnəkənd qəsəbəsində otlaq sahəsində ata və oğulun öldürülməsi epizodu, sayı-hesabı bilinməyən şəhid tabutları, oğul itirən anaların fəryadları, qorxudan çırpınan ürəklər, cavabsız sorğu-sualların təsviri zamanı erməni xislətindəki insanlığa yaraşmayan hərəkətləri üzə çıxarmışdır: “Bax, beləcə əsl əqrəb xislətli adamlardılar. İşləri keçəndə quzuya dönürlər. Elə ki, zəifliyini gördü, pələngə dönəcək. İmkan düşəndə də öz alçaq niyyətindən, sancmağından, pislik etməyindən qalmayacaq” (Əlisəfa Azayev).

Nasir Qarabağ uğrunda olan mübarizədə məğlubiyyətin səbəblərini araşdırır. Birliyin olmaması, düşmən qarşısında silahsız qalan ordu və xəyanət – bu üç səbəb Azərbaycan xalqını təbii sərvətləri ilə seçilən torpaqlardan didərgin salmışdır. Müəllifin etiraz səsləri və narahatlıq hissləri baş obrazın simasında canlanır.

 

3. ƏLİSƏFA AZAYEVİN “ƏSGƏR ANASI” ƏSƏRİNDƏ ANALIQ DUYĞUSU

Müharibə cəmiyyətin bütün üzvlərinə  təsirsiz ötüşmür, insan psixologiyası bu faciələri dərk etmək məqamında acizdir. Oğul böyüdüb, onun xoşbəxt gələcəyini görmək istəyən ana qədər bu ağrını yaşamaq və hiss etmək qeyri-mümkündür. Bu baxımdan Əlisəfa Azayevin “Əsgər anası” əsərinin süjet xətti orijinallığı ilə seçilir. Əsər dəhşətli yuxunun təsviri ilə başlayır. Yuxuda ana müharibədə olan oğlu Elnurun xəyanətin qurbanı olduğunu görür. Əsərin baş qəhrəmanı Mələk ananın yuxusu onu döyüş bölgəsinə getməyə vadar edir. İki qızını və həyat yoldaşını evinə qrad düşməsi nəticəsində itirən ananın oğlu üçün keçirdiyi narahatlığın həddi-hüdudu yoxdur. Müəllif oğlundan xəbərsiz olan ananı döyüş bölgəsində gəzdirir. Hərbi komissarlığın qarşısında yaralı əsgərlə söhbət edən ananın təsviri zamanı yazıçı mühüm bir məsələyə toxunur, şəhid tabutlarının gəlişi yalnız onu böyüdən ananın deyil, bütün anaların dərdi kimi səciyyələndirilir: “Yaxşı ki, qadının təcili yardım maşınında gətirilən cənazədən xəbəri olmadı. Yoxsa, Allah bilir, burada necə şivən qoparardı. Ana ürəyi belə dərdə necə dözsün? Bütün ölənlər, həlak olanlar onun oğlu deyilmi? Axı, onları da onun kimi analar doğub, bəsləyib, ərsəyə çatdırıb. Bir cücəni bəsləyincə insan zinhara gəlir. Qalmışdı ki, min bir zəhmətlə oğul böyüdüb, boy-buxununa doyunca baxmamış, şirin tikəsini yeməmiş, onu güllə qabağına, cəbhəyə göndərəsən. Axırda da beləcə, qan içində üstünə göndərilə...” (Əlisəfa Azayev).

Oğlunu Tərtərdə tapa bilməyən ana Hərbi Qospitalda qalıb xəstələrə yardım edir, tibb işçilərinə kömək edir, oğlunun Kəlbəcərdən gələcəyi, xəbər eşidəcəyi günü səbirsizliklə gözləyir. Anaya deyilən “Səbirli ol, xala, müharibədir” cümləsi Mələk xalanın narahatlığını keçirə bilmir. Ananın ikinci yuxusu zamanı oğlunun “Darıxma, ana, tezliklə gələcəyəm, görüşəcəyik” deməsi anada ruh yüksəkliyi yaradır. Zaman keçdikcə Mələk xalanın oğlunun sağ qalmasına ümidi itir. Bu məqamda ananın köməyinə oğlunun əşyaları çatır. Qaldığı Hərbi Qospitalda oğlunun qızıl üzük, saat və bloknotuna rast gələn ana yenidən onun sorağına düşür. Burada işləyən Pərvanənin oğlunun sağ olma xəbərini verməsi ana qəlbini sakitləşdirir. Ananın üçüncü yuxusunda oğlunu yaralı vəziyyətdə görür. Bu qospital ana üçün sınaq nöqtəsi olur. Bura gələn hər yaralı əsgər səsi ona oğlu Elnuru xatırladır.

Qəhrəmanın daxili aləmi gərgin situasiyalarda açılır. Hər yaralı əsgər, hər şəhid ananın qəlbinə təsir edir, digər anaların fəryadını duyur. Müəllif anaların ürək ağrısını belə ifadə edir: “Anası ölmüş indi yuxu görəcək. Oğlunun darda olması hökmən ona əyan olacaq. Balaya baxma, ananın ürəyi başqadır”. Bir ananın bütün əsgərlərə olan qayğıkeşliyi “Ana qəlbi” hekayəsində də əks olunmuşdur. Hekayədə ananın nəcib keyfiyyətləri ilə yanaşı, evinə məzuniyyətə gedən əsgərin anasını görmək sevinci hiss olunur.

Mələk xalanın bu ağrısının təsəlli nöqtəsi oğlundan yadigarının qalacağı xəbəri olur. Döyüş bölgəsində şəhid olan Elnurun övladı olacağı xəbəri ananın yeganə sevinc qaynağı olur: “Oğlumun yadigarı qalacaq!.. Daha ölərəm!.. Onu özüm böyüdəcəyəm, əzizləyəcəyəm... Elnurun özünə, adına layiq tərbiyə edəcəyəm. Qoy o da Vətənə, torpağa, yurda bağlılıqda, cəsurluqda, qorxmazlıqda onun kimi olsun, böyüsün”. Əsərin bəzi epizodlarında Mələk arvad oğlunun könüllü surətdə müharibəyə getməsini qəbul edə bilmir, onu buraxmaq istəmədiyi haqqında məlumat verilir. Ananın belə fikirləşməsinin real səbəbləri var idi. Belə ki, övladının müharibədən qayıtmacağını bilə-bilə onu ölümün caynağına göndərmək hər ananın qəbul edə biləcəyi bir şey deyildir. Lakin ana müharibə meydanına getdikdən sonra fikirləri dəyişir, cəsarətli oğul böyütdüyü üçün onunla fəxr edir. Drambonun azad edilməsinə şərait yaratdığı üçün mükafat alan oğlunun şücaətləri ana qəlbini sevindirir. Vətənin dar günündə onu tək qoymağa vicdanı gəlməyən Elnurun dediyi sözlər onun hafizəsindən silinmir: “Hamının öz yeri, öz vicdanı var, ana, gedəcəyəm... Bir də ki, mən başqasının yox, öz bacılarımın, atamın intiqamını almağa gedirəm... Onların nə yaşı vardı, niyə həlak oldular?”.

Əlisəfa Azayevin “Əsgər anası” əsərindəki bəzi epizodlar Vidadi Babanlının “Ana intiqamı” əsəri ilə səsləşir. Vidadi Babanlının “Ana intiqamı” povestində Qumru müəllimənin və Əlisəfa Azayevin “Əsgər anası” əsərində Mələk arvadın timsalında müharibə zamanı oğlunu itirən anaların fəryadı duyulur. Qumru müəllimə və Mələk arvadı birləşdirən digər cəhət hər ikisi oğlu şəhid olduqdan sonra döyüş bölgəsinə yollanır. Mələk arvad Elnurun həlak olduğu yerə gedir. İzdihamın içində oğulun cənazəsini qarşılayan ananın çıxış yolunu döyüş bölgəsində tapması əsərin təsirli alınmasına gətirib çıxaran faktordur. Vidadi Babanlının “Ana intiqamı” povestində Qaraxan-Şahanə süjet xətti, Əlisəfa Azayevin “Əsgər anası” əsərində Elnur-Pərvanə münasibəti anaların sığınacaq nöqtəsi olur. Qumru ana oğlunun yoxluğunu Şəhanəyə doğma münasibət bəsləməklə tapır. Mələk ana oğlu şəhid olduqdan sonra Pərvanəni tapmaq ümidi ilə axtarışına çıxır. Mələk xalanın oğlunun intiqamını almaq fürsəti əlinə keçmişdir. Əsgərlərin “Şəhid anası deyilsənmi? Erməniyə niyə yazığın gəlir?” sözlərinə qarşılıq olaraq ana iyirmi yaşlı erməni əsirini öldürə bilmir. Müəllif Mələk ananın “Yox, bunu mən bacarmaram... Mən anayam axı... Oğlum şəhid olsa da, bacarmaram...” cümlələri vasitəsilə Azərbaycan qadınının insani keyfiyyətlərini üzə çıxara bilmişdir. Qumru ana isə ilk öncə oğlu Qaraxanın qisasını almaq üçün hərbi hissəyə daxil olur, lakin erməni gənci ilə üz-üzə gəldikdə onu öldürə bilmir. Hər iki ananın analıq və insanlıq duyğusu intiqam hisslərinə qalib gəlir. Əlisəfa Azayevin əsərdə təqdirəlayıq xüsusiyyəti o idi ki, Mələk xala ilə Elnuru döyüş bölgəsində qarşılaşdırır, ana oğlu ilə çiyin-çiyinə müharibədə iştirak edir.

Mustafa Çəmənli Əlisəfa Azayevin “Əsgər anası” kitabına yazdığı “Faciələrimizin mənzərəsi” başlıqlı ön sözündə düzgün nəticəyə gəlmişdir ki, “əsərdə müəllif müdaxiləsi yoxdur. O, gördüklərini, eşitdiklərini müxtəlif səviyyəli, müxtəlif xarakterli adamların dialoqu vasitəsilə canlandırır. Yazıçı oxucusunu unutqanlıqdan, biganəlikdən çəkindirir”.

Əlisəfa Azayev əsəri xoşbəxt günlərin gələcəyi, torpaqlarımızın düşməndən azad olacağı ümidi ilə bitirir: “Çətin günün ömrü az olar. Yenə torpaqlarımız bizim olacaq. O xoşbəxt günlərimiz qayıdacaq”. Çox sevindirici haldır ki, müəllifin “Əsgər anası” əsərində qələmə aldığı bu arzusu artıq öz reallığını tapmışdır.

Əlisəfa Azayevin əsərlərində Vətənin təklənmiş obrazı canlandırılmışdır. İnsanın taleyi ilə Vətənin taleyi eyniləşdirilir, cəmiyyətdəki çətinliklər qarşısında insan problemlərinin həlli yolları axtarılır. Müəllif adı çəkilən əsərlərində həyatın ayrı-ayrı məqamlarını, müharibənin doğurduğu sosial problemləri, insanların mənəvi-psixoloji sarsıntılarını qələmə alarkən oxucunu düşünməyə, bu hadisələrin baş vermə səbəblərini tapmağa vadar edir. Vətənin gələcək taleyindən narahatçılıq hissi, milli birlik ideyası, milli və mənəvi dəyərlər uğrunda mübarizə aparmaq zərurəti ön plana çəkilir. Əsərlərdə Qarabağda baş verən vəziyyətin ağırlığı baş qəhrəmanın hiss-həyəcanları vasitəsilə açıqlanır, vətəndaşlıq borcu və laqeydlilik qarşı-qarşıya qoyulur. Onun məqsədi müharibə şəraitində insanı kəşf etmək, insan psixologiyasının dərinliklərinə enə bilmək, həyat və cəmiyyəti tədqiq etməkdir. Əsərlərdə Vətən yolunda fədakarlıq, düşmənə münasibətdə dönməzlik kimi keyfiyyətlər təbliğ edilir. Əlisəfa Azayev Azərbaycan əsgərinin obrazını yaratmağa müvəffəq olmuşdur. Belə nəticəyə gəlmək olar ki, bu tipli əsərlər yazıçının öz vətəndaşlıq borcunu yerinə yetirmək istəyindən irəli gəlmişdir.