Musa Xanbabazadə , AYB-nin üzvü, filoloq - ədəbiyyatşünas :- “Yaddaşa qayıdış”ın harayları

(Yazıçı-publisist Yaşar Rzayevin “Yaddaşa qayıdış” (Bakı,2021) kitabından alınan təəssüratlar əsasında)
Yaddaş-milli kimliyim,
özümə hakimliyim,
həm dostum, həm həbibim,
həm loğmanım, təbibim.
Yaddaş arxeoloqum,
yaddaş qeoloqum,
yaddaş güvənc, saxlancım,
yaddaş bağlı sandıqçam,
həm bağçam, həm də taxçam.
Yaddaş bağlı xəzinəm.
Bayatılı, ağılı,
lətifəli, nağıllı,
laylalı dolu sinəm.
Yaddaş-imarətlərim.
Yaddaş-qiyamətlərim.
Yaddaş-qəhrəmanlarım,
şahlarım, sultanlarım.
Yaddaş-çimərliklərim,
mavi düşərgələrim.
Yaddaş-teatr binaları.
Yaddaş –el çayxanaları,
el aşxanaları.
Yaddaş-kitabxanalar.
Yaddaş-xəstəxanalar.
Yaddaş ana dilidir,
elin vuran əlidir.
Yaddaş şəhid məzarları –
elin solmaz baharları.
Yaddaş-elm, sənət soraqlısı.
Yaddaş-bir yurd yaraqlısı.
Yaddaş-elin çıraqlısı.
Yaddaş-dünənim, bugünüm,
həm də sabahkı günüm.
Yaddaş-matəmim, yasım.
Yaddaş-Kürüm, Arazım.
Yaddaş-simfoniyalarım.
Yaddaş muğamatlarım –
yelqanadlı atlarım.
Yaddaş havacatlarım.
Yaddaş nəsr əsərlərim –
qılınctək kəsərlərim.
Yaddaş – savaş şeirlərim,
şəhidlərim, gizirlərim
və həm də ki, qazilərim.
Yaddaş – ataya hörmət,
od-ocağa sədaqət.
Yaddaş separatçılardır.
Özgə kövşənlərdə bəslənən
boz atlardır, boz atlar.
Yaddaş xalq fəalları,
xalq cəbhəçiləridir –
xalqa sadiq övladlardır,
övladlar.
Yaddaş ümummilli liderlə
xalqın birgəliyidir,
yurdun və el-obanın
sağlam diriliyidir
Yaddaş ədəbi mühit,
ədəbi məclislərdir,
şeir-sənət gecələri,
yaz ətirli şərqilərin
məmləkətdə
dalğa-dalğa axmasıdır,
qəhqəhlərin, gülüşlərin
ildırımtək çaxmasıdır.
Yaddaş mədrəsələr, məscidlərdir,
dini mərasimlər, ocaqlardır.
Yaddaş qəbiristanlıqlardır –
o əbədi aramgahlar.
Orda yatır həm bədxahlar
və həm də ki, xeyirxahlar.
Yaddaş-elm-təhsil ocaqları –
mənəviyyat dayaqları.
Yaddaş sürət qatarı,
sərnişinləri
dünən, bu gün, sabahlardır,
bədbəxtliklər –xoşbəxtliklərdir,
qəlbi küskünçiliklərdir,
böyüklər və kiçiklərdir.
Yaddaş güzgü-aynadır.
El onsuz viranadır,
elə heyvanxanadır.
Qorumalıdır yaddaşı
yurdun hər vətəndaşı.
Yaddaşsız bir məmləkət
kölədir, quldur,
ayaqlarda bir çuldur.
Varlı olsa da belə,
o, yoxsul, dilənçidir,
alverçidir, çərçidir.
Yaddaş yoxsa,
əgər yaddaş ölübsə,
yaxud öldürülübsə,
demək, xalq da öldürülüb,
demək, millət yoxaldılıb,
biganəlik çoxaldılıb.
Ey yurd, sən ey məmləkət!
Qoruyun yaddaşları.
Qoy bizləri yeməsin
nə yadların daşları,
nə də yurdun başları.
Qoruyun yaddaşları
Vətən-millət naminə.
Bu yurdu-məmləkəti
siz verməyin zaminə,
siz verməyin zaminə!