Islam Türkay : - Ağac

Ay bağban, hardasan, varsansa ,ayıl,
Axı düz-dünyanı basıb bu ağac.
Ötən buludları şişə keçirdir,
Bağın nəfəsini kəsib bu ağac.
Qamarlayıb əmir hey solu, sağı,
Göydən buludları, yerdən torpağı.
Bircə an dinc durmur əli, ayağı
Ömrü boyu barsız, kasıb bu ağac.
Başının üstündən quşlar perikdi,
Ayağı altında nardı, ərikdi.
Tənəklər əlində yaşıl hörükdü--
Torpağı saçından asıb bu ağac.
Doğranır pöhrələr burda bitəli,
Bir polad baltadan yapışıb əli.
Adını demirəm ,qara kölgəli,
Yaşıl heykəl kimi susub bu ağac...