Əşrəf  Veysəlli  - TƏZƏDƏN

Ədəbiyyat 09:40 / 23.04.2026 Baxış sayı: 307

 

 

Heç gözüm su içmir bu gedişatdan,

Gəl səni gözümə təpim təzədən.

Ömrümün sökülmüş divarlarından

Eşq adlı bir saray yapım təzədən.

 

Yenə də sal məni bəndə, kəməndə

Görüm ki, Tanrının quluyam mən də.

Özümü itirim səni görəndə,

Ancaq səadəti tapım təzədən.

 

Həsrətin ömrümün yoxuşlarıdır,

Vəslin həyatımın naxışlarıdır.

Qızıl gül toxumu— baxışlarını

Arzu bağlarıma səpim təzədən.

 

Qurtarım bu eşqin intizarından,

Gözlərim barınsın vəslin barından.

Taleyin qapanmış ovuclarından

Mən öz qismətimi qapım təzədən.

 

Yenə o gözlərin sehrini göstər,

Şerimin vəznini, bəhrini göstər.

Fərhada Şirinin mehrini göstər,

Bisutun dağını çapım təzədən.

 

Sözüm bəhrələnsin dedikərindən,

Gözümə nur gəlsin gördüklərindən.

Dan yeri sökülsün kipriklərinlə ,

Səhərə açılsın qapım təzədən.

2018- ci il.