Ay Bəniz Əliyar -
Ümiddir,
yenə də açıb qolların,
Bizi qucmaq üçün sanki yalvarır.
Necə uzansa da həsrət yolları,
Bir ucu yenə də Tanrıya varır.
Bağlı qapılara rast gələndə biz,
Deyə bilirikmi, ürəkdən, şəksiz:
"Nə yaxşı, Tanrı var qapısı açıq,
Qapısın hər daim açır bizlərə.
Onda anlayırıq nə qədər acıq -
Açıq qapılara, gülər üzlərə."?!
Niyə qaçaq axı taleyimizdən?
Tanrı nə yazıbsa sonacan davam.
Qaçıran kimsə yox ümidi bizdən,
Özümüz qaçanıq, özümüz qovan.
Ah, İnsan,
yaddaşın necə korşalıb?
Ruhunu zəhərli bir ilan çalıb.
Hər an düşünürsən, "bir ümid varmı?
Əlimi uzatsam əlim çatarmı?
Necə eləyim ki, batmayım yasa,
Qəlbin umduğuna əlim çatmasa?"
Suallar beynini yorur, amandır,
İçində inamdan bir şölə yandır.
Dinlə, qoy danışsın alnın qırışı,
Burax, qoy desin ki, ömrün bu qışı
Belə tez gəlməyə niyə tələsib,
Bu xəzan yelləri niyə tez əsib?
Burax, qoy danışsın saçının dəni,
Dəyərli nə var ki, bu ömrə şərik?
Bəlkə Tanrı elə sınayır səni,
Olan xeyirliyə olur,
bilmərik.