Fərhad Tapdıqoğlu : -90-cı illərin ortaları idi...
( dodaqqaçdı)
90-cı illərin ortaları idi.SSRİ artıq dağılmışdı.
Bakıda müəssisələrin birində direktor müavini işləyən Sahil müəllim Sumqayıtdakı maşınqayırma zavodundan nağd pulla( sənədlə) bir ehtiyat hissəsi alır.
Həmin zavodda şöbə rəisi işləyən dostu Fadil müəllimdən onunla Bakıya getməyi xahiş edir.
Sahil müəllimin xidməti maşınına əyləşib şəhərə yola düşürlər.
Bakıda münasib restoranların birində nahar
etmək üçün maşından düşən dostlar sürücünü də yemək süfrəsinə dəvət etsələr də,o vacib işi olduğunu deyərək ,onlarla sağollaşıb ehtiyat hissəni Sahil müəllim gilə aparır.
Sahil müəllimlə Fadil müəllim kefin istəyən yeyib içirlər.
Kefləri "fıştırıq çalan" dostlar inzibatçını çağlrıb hesabı istəyirlər.
İnzibatçı :
--18 şirvan- deyir.( Şirvanın ,yəni on min manatın dövriyyədə olduğu illərdi)
Fadil müəllim,cibindən qırmızı rəngli vəsiqəni ( udostvereniye) çıxarıb göstərərək:
--Bax,vəsiqə də var.Amma mərdimazarlıq etmək istəmirik.Yeyib-içdiklərimizin hesabı 9 şirvan edir- deyir.
Sonra Sahil müəllimə üzünü tutaraq:
--9 şirvanı Siz verirsiniz,ya mən verim?- soruşur .
Sahil müəllim:
--Nə danışırsınız? Siz mənim qonağımsınız- pulu inzibatçıya uzadır.
Sağollaşıb, iri adddımlarla restorandan uzaqlaşırlar.
Bir az getdikdən sonra arxaya boylanırlar ki,görsünlər onları izləmirlər ki?
Heç kimin gəlmədiyinə əmin olduqdan sonra taksiyə əyləşib dənizkənarına,bulvara hava udmağa yola düşürlər...))
P,S. Qırmızı rəngli vəsiqə SSRİ dönəmində müəssisələrdə həm də sex,şöbə rəislərinə ,rəhbər işçilərə verilirdi.
O illər "qırmızı vəsiqədən " qorxanlar çox idi.
Bu qorxu hissi SSRİ-nin süqutundan bir neçə illər sonra da insanların canından çıxmamışdı...
Ehh,indi qorxan var?!
Ağzını açan kimi "get ,kimə istəyirsən de"- deyirlər...
Kimdən kimə deyəsən?!