Aləmzər Sadıqqızı - Anılardan.
Son şeir kimi.
Daha nə ümid var, nə də bir güman,
Nə də gücüm qalıb yaşayam ömrü.
Yoruldum, əlimdən salıram daha,
Ruhum da qalmayıb daşıyam ömrü.
Ayağım altına qoydum dünyanı,
Allaha göndərdim ipin ucunu.
Gedib soruşacam yaradanımdan,
Görüm bağışlamır hansı suçumu?
Bu kövrək, bu yazıq ,incə ürəyi,
Nə qədər aldadım nə qədər axı?
Bir aləm vermişdi guya ki mənə,
Ömrümü çürütdüm hey hədər axı...
Daha gözlərimi yoran deyiləm,
Qoy ömrüm asılsın boyun yerinə.
Alıb üreyimi çıxıb gedirəm,
Alın bir ürəksiz qoyun yerimə.
Kimsə qınamasın, kimsə gülməsin,
mən özüm bilirəm cənnət hardadır.
Sizdən gözəl bilir Allahın özü,
Çarəsiz bəndəsi necə dardadır.
Qoy belə dünyanı yeyən adamlar,
Bir az baş qaldırıb öysün dünyanı.
Bu acgöz adamlar , dəmir adamlar,
Bir az dizin döysün, söysün dünyanı.
Aləməm əlimdə bir ağ bayrağım,
Yenildim ömrümüm ağrılarına.
Tanrım əllərimdən bərk-bərk saxla ki,
qırılıb düşməyim ayaqlarına...
2016.