Elçin  İsmayılın  ŞEİRLƏRİ

Ədəbiyyat 14:00 / 22.04.2026 Baxış sayı: 830

 Gəl qurtar ölümün əlindən məni

 

Sevgi elə duyğu, elə bir an ki,

Şam kimi alışıb, əridim sanki,

Mən hələ nə ömür yaşamışam ki,

Qoparma ayımdan, ilimdən məni,

Gəl qurtar, ölümün əlindən məni.

 

Çiçəkli baharsan, qarlı bir qışam,

Tək səni soruşub, səni anmışam,

Mən elə alışıb, elə yanmışam,

Sevənlər tanıyır külümdən məni.

Gəl qurtar, ölümün əlindən məni.

 

Çox tez aramızı kəsdi çən, duman,

Sabaha qalmayıb bir ümid, güman,

Sən bir yaz çıçəyi, mən əfi ilan,

Yuvamdan çıxartdın dilinnən məni,

Gəl qurtar, ölümün əlindən məni.

 

Məhəbbət ən zərif, incə gülümdü,

O, həm sevinc payım, həm də zülümdü,

Sevmək yaşamaqdı, sevmək ölümdü,

Qurtarma eşq adlı ölümdən məni.

Gəl qurtar, ölümün əlindən məni.

 

            QALMAYIBDI

Hanı gəncliyimin odu, həvəsi?

Qəlbim bir də çətin cuşa gələsi,

Nəfəsim axtarır insan nəfəsi,

Yanımda bir kimsə, hər qalmayıbdı.

 

Deyəsən çoxalıb qara ağından?

Enə də bilmirəm hicran dağından,

Eşqsiz solub gedən ömür bağımdan,

Sonuncu gülü də dər, qalmayıbdı.

 

Dünyada nə var ki, insan qandığı?

Qanan kəllələri kəsdi pambığı,

Həyat özü açıb töküb sandığı,

Daha saxlamağa sirr qalmayıbdı.

 

Ömrün sevincini kədərə qatdım,

Arzumu bağlı bir quyuya atdım,

Bütün ilklərin sonuna çatdım,

Yenidən deməyə bir, qalmayıbdı.

 

Saçımı ömrümün yeli yolubdu,

Doğru bildiklərim yalan olubdu,

Onsuz da ürəyim talan olubdu,

Qəlbimdə qırılan yer qalmayıbdı.

 

 

                                SEVDİM SƏNİ

 

                    Yaman düşübsən ağlıma,

                    Yol üstə durub ağlama,

                    Şəklini basıb bağrıma,                                            

                    Qəlbim kimi sevdim səni.

              

                    Oxşayıb gül tək xətrini,

                    Çiçəklərin qız çətrini,

                    Sinəmə çəkib ətrini,

                    Gülüm kimi sevdim səni.

                  

                    Gözəllikdə yoxdu tayın,

                    Tanrı verən ömür payım.

                    Ən mübarək günüm, ayım,

                    İlim kimi sevdim səni.

 

                    Qurban etsəm də canımı,

                    Soruşmursan heç halımı,

                    Verib Allah salamını,

                    Əlim kimi sevdim səni.

 

                    Çox aradım qapı-qapı,

                    Gəzdim Qazax, Gəncə, Bakı

                    Bala dönüb ağzımdakı,

                    Dilim kimi sevdim səni.

 

                    Oldu, gəlməyən  ağıla,

                    Az qaldı dünyam dağıla,

                    Can vermədim Əzrayıla,

                    Ölüm kimi sevdim səni.

 

BUNU BİRCƏ SƏN BİL,

BİR DƏ MƏN BİLİM

 

Yenidən sevməyə başladım məndə,

Süzgün baxışların salıbdı bəndə.

Elə gözəlsən ki, səni görəndə,

Göyəmi çəkilim, yerəmi girim?

Bunu bircə sən bil, bir də mən bilim.

 

Nə ürək qalıbdı, nə ağıl başda,

Eşqin alovundan əridi daş da.

Qalmışam səni ilk gördüyüm yaşda,

Zaman da dayanıb, dəyişmir ilim.

Bunu bircə sən bil, bir də mən bilim.

 

Getməyə yol olsun açılan qolum,

Yağış kimi yağım, bulud tək dolum.

Min dəfə deyərəm qurbanın olum,

Başqa söz söyləsə lal olsun dilim.

Bunu bircə sən bil, bir də mən bilim.

 

Kədərin dənizdir, eşqin bir damla,

Günahım varsa da yuyum qanımla.

Həsrətdən çatlamış dodaqlarımla,

Yanağından axan yaşını silim.

Bunu bircə sən bil, bir də mən bilim.

 

Tanrım, bu nə sirdi, bu nə möcüzə,

Buna tab gətirib insanmı dözər.

Durmuşuq səninlə yenə üz-üzə,

Toxuna bilmirəm çatsa da əlim.

Bunu bircə sən bil, bir də mən bilim.

           17.05.2021.

Qazax.