“Demişdim ki, məndən daha çox ağdamlı İlham Əliyevdir, müharibəni o, udacaq...”- MÜSAHİBƏ

MÜSAHİBƏ 13:35 / 03.04.2023 Baxış sayı: 2374

 

“Aprelin 1-də doğum günümü keçirdim. Təsəvvür edin ki, səhərə qədər məclis davam etdi. Dünən və bu gün isə qonşularımın ətrafındayam, onlarla tort kəsəcəyik”

Yenises.az bildirir ki, bunu Adalet.az-a açıqlamasında bu gün 75 yaşı tamam olan şair Zakir Fəxri deyib. Zakir Fəxri ömründə alın yazısı olan zindan həyatından da danışıb:

“Bu haqda məşhur “Dustaqxanadan-dustaqxanaya” adlı bir romanım var, onun çapını dayandırdılar, bir az qarışıqlıq düşdü. İtalyan rejissor onun əsasında film çəkmək istəyirdi. Aradan 46 il keçib və indi də mətbuat nümayəndələri zəng vurub bu haqda soruşur. Orda həbsxanada baş verən real hadisələr yer alıb. Allah deyir ki, “mənim iznim olmadan bir yarpaq belə tərpənməz. Yəni nə olursa dünyada ancaq mənim iznimlə olur”. Bu, Allahın dediyi sözdür, ifadədir. Taledir, oldu-olmadı, qurdular, quradılar, o zaman dövr elə idi”. 

Z.Fəxri Şanlı aprel döyüşlərinin yeddinci ildönümü haqda da fikirlərini söyləyib:

“2016-cı il Şanlı aprel döyüşləri zamanı Umud Mirzəyevlə o yerlərə getdik, çəkilişlərimiz oldu. Şəhid generalımız Polad Həşimovun şəhid olduğu və Mübariz İbrahimovun döyüşdüyü yerlərini ziyarət etdik. Aprel döyüşləri bir dönüşdür, türk qürurunun, sınmış millətin bütün o sınıqlarını bərpa edən döyüş idi. Hər şey ondan başladı. İnanırdım ki, bu bir gün belə olacaq. Hətta 18 il əvvəl müsahibələrimin birində demişdim ki, məndən daha çox ağdamlı İlham Əliyevdir və müharibəni o, udacaq. Deməli proqnozlarım düz çıxdı, yəni bu bir reallıqdır. Aprel döyüşləri təsadüfi bir döyüş deyildi, hər şey ssenari ilə olmuşdu, amma ermənilər tez başladılar və ələ bir girəvə verdilər. Amma hər halda dünya ictimaiyyəti də var. Yəni aprel döyüşləri Azərbaycan xalqının taleyində otuz faizlik qürurunun bərpasının təməlin qoydu”.

Zakir Fəxri arzu adamı olmasa da, bu yaşında vətənə, xalqa öz istək və görmək istədiklərini çatdırdı:

“Mən arzu adamı deyiləm. Mənimki vətəndi, torpaqdı. Bu saat dünyada dəyərlə şouların, mənəviyyatsızlığın toqquşması günləridir. Amma bu dünyanı dəyərlər idarə edir, sonda yenə o dəyərlərə qayıdacaq. İndi məktub yoxdur, hansı ki, onunla nəfəs alırdıq biz yazanda, imzaya baxırdıq. İndi hanı onlar? O dünya hara, bu dünya hara. Memarlıq abidələrini qoruyurlar, o dəyər də onların biridir. Ona görə də Nizami Gəncəvi deyirdi ki, 

“Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin”. 

Yəni bütün bunlar hamısı reallıqlardır. O boyda mütəfəkkirlər, müdriklər bunu elə belə deməyib. Rəssamlar gözəl rəsm əsərləri çəkib və hamısı bu günlərə bir işarədir. Bir dənə ancaq onlar qorunsun. Cənab Prezidentin ətrafında da dəyərlər toplanmalıdır. Bu qələbəni ancaq dəyərlər yaşada, çiynində apara bilər. Dəyərsiz dünya bir köpükdür və dəyərlər tamamilə əriyib, yox olub gedib”.