Zeynəb Əliqızı   :  -  “Əvvəl mən ölüm...”

YAZARLAR 19:05 / 15.07.2026 Baxış sayı: 275

 

(esse)

Qarabağ... Adına cənnət, ölkənin dilbər guşəsi deyilən diyar. Uzun müddət doğmalarına həsrət qalan torpaq. Yad tapdağı altında bir ömür yaşayan yurd yerimiz. Doğma dilində danışan yurddaşlarından bir müddət uzaq düşən gözəl, füsunkar məkan. Gülü, çiçəyi həsrətdən qovrulan və indilərdə doğmalarına qovuşan vətən torpağı... Nəhayət, sənə qovuşduq... Sanki başdan yaranan yeni bir dünyasan indi. Azad edilən torpaqların üzərində gedən tikinti-abadlıq işləri sənin keçmiş günlərdəki əzablı xatirələrinin üzərinə su səpir sanki. Uçulub sökülmüş, xarabazara çevrilmiş evlərinlə yanaşı, yeni ucaldılan binalar, salınan parklar indi göz oxşayır. Sən yenə cənnətə dönürsən, cənnətləşirsən...

***

Ölkədaxili gəzintilər içərisində Qarabağa edilən səyahətlər qəlboxşayandır. Uzun illərin ayrılığından sonra buraya ayaq basan insanlar kövrəlir, göz yaşlarını saxlaya bilmirlər. Və qəribədir ki, buralara ziyarətə gələn hər kəs elə hər dəfə Şuşaya, Xankəndinə ayaq basanda eyni hissləri keçirir, yəni sanki ilk dəfə gəldiyini hiss edir. Yol boyu görünən yeni yollar, yeni tikililərlə yanaşı, xarabalıqlara çevrilmiş evlərin həyətlərində uzun illər sahibsiz qalan meyvə ağacları görünür. Üst-başı tozlu, qəmgin, həsrət dolu baxışlarını yollara dikib qayğı gözləyən meyvə ağacları. Ən dözümlüləri sağ qalıb, son nəfəslərinədək yaşayıblar, əsl sahiblərini gözləyə biliblər...

Ağdam, Xocalı, Ballıca... Bulaqlarının suyu baldan da şirin Ballıca...

...Təsadüf elə gətirdi ki, səfərimiz yamyaşıl meşənin qoynunda, gur axan çayın sahilində Sabirabad rayon Mərkəzi Kitabxanası kollektivinin Qarabağa növbəti yolçuluğu ilə eyni vaxtda baş tutdu. Bu gözəl, gülərüz, hətta bir az da fədakar olan kitabxanaçı ailəsi bu səyahət zamanı özünün son dərəcə mədəni səviyyəsini nümayiş etdirdi. Köhnə əyyamları xatırladan bir adətlə ana təbiətin qoynunda yerə xalça-palaz salaraq üzərinə süfrə döşəyən kollektiv üzvləri bizi samovar çayına qonaq etdi.

Söhbət zamanı məlum oldu ki, kitabxana müdiri Eldar Urufov bu cür gəzintiləri vaxtaşırı təşkil edib həyata keçirir. Ölkənin müxtəlif gözəl guşələrinə səyahət planında isə üzü Qarabağa tərəf təşkil edilən səyahətlər daha önəmli yer tutur. Yəni kollektivin buraya gəlişi torpaqların işğaldan azad ediləndən sonra ilk dəfə deyildi. Eldar müəllimin öz işçiləri ilə xoş rəftarı, mehriban, qayğıkeş münasibəti isə diqqəti xüsusilə cəlb edirdi. Maraqlıdır ki, kollektiv üzvlərini əyləşdirib, süfrəyə bir növ özü qulluq edirdi. Bir şey xüsusən nəzərimdən qaçmadı: süfrə yığışdırılarkən yerdə kiçik bir kağız parçası belə, görünmədi. Zibil sayılacaq hər şey ayrıca sellofan torbalara yığılaraq götürüldü.

Kollektiv üzvləri ilə söhbətdən məlum oldu ki, bu mehriban işçi qrup həftənin iş günlərindən başqa, az qala, hər həftənin şənbə və bazar günlərini də birlikdə keçirməkdən usanmır. Əməkdaşlar Eldar müəllimin xüsusi qayğı ilə yanaşdığı və eyni zamanda həvəslə təşkil etdiyi bu kimi tədbirlərdən məmnundur. Əlbəttə, hər kəsin öz şəxsi qayğısı, heç də həmişə yerində olmayan maddi ehtiyacları tükənmir. Lakin buna baxmayaraq, kollektiv bir ailə kimi daim bir araya gəlir, birlikdə çalışır və mümkün qədər birlikdə istirahət edir. Bu da birgə yaşanan harmoniyanı təşkil edir.

***

...Qarabağın füsunkar mənzərəsini yenidən bizlərə qaytaran, nə qədər ağrılı olsa da, bizə zəfər zövqünü yaşadan igidlərimiz vardı... amma yox, onlar indi də vardırlar! Əbədi ölməzliyə qovuşan bu igidlərin hər biri ayrı-ayrılıqda ölməzdir, hər biri haqq dünyasında sağdır...

İsa bulağında sürahiyə düzülən fincanların üzərindəki şəkillərdən boylanan igidlərimiz sanki baxışlarıyla buraya gələnlərə “xoş gəldin” deyir və elə o baxışlarıyla da yola salırlar... O fincanlara toxunan yoxdur, yanlarına qərənfil düzənlər var... Qəribədir, İsa bulağından qalxandan sonra insan vücudunda bir yüngüllük duyur. Və bu da qəribədir ki, həmin hissi keçirən təkcə mən deyildim...

Cıdır düzü... Möhtəşəm və qorxunc qayalıqlar. Gözlərimizin önündə filmlərdə gördüyümüz və bəzən də “əşi, kinodur da” dediyimiz əfsanəvi qəhrəmanların görkləri canlanır. Keçilməz sədləri aşan, çətin yollarla irəliləyən və sonda qalib gələn qəhrəman obrazları. İndi o qayalıqların başında durub qorxa-qorxa, vahimə içərisində üzüaşağı boylananda fikirləşirsən ki, o sərt qayalıqları necə qalxmaq olarmış? Amma bu şir ürəklilər, bu aslanlar o sərt qayalıqlardan qalxmaqları bir yana, buralarda necə döyüşüblər, yaralılarını necə daşıyıblar, şəhid qardaşlarını döyüş meydanından necə götürüblər?!. Şuşanı necə azad ediblər?.. Cəmi 44 gün davam edən bu ölüm-dirim savaşında sözün əsl mənasında canlarından keçən bu igidləri xatırlayanda (əslində, unutmaq olmur!) Vaqif Bayatlı Odərin bir şeir misraları yadıma düşür. Şairin o şeiri kimə və niyə yazdığını onun özü, bir də şeiri ona yazdıran varlıq bilir. Mən isə bu misraları Cıdır düzünün hər qarışında qan izləri olan, cismani aramızda olmayan, ruhu isə bizlərlə olan igidlərin pıçıltısına bənzədirəm. Hər bir otu, gülü, çiçəyi, yarpağı tapdaladıqca bizə pıçıldayan səslərini duyuram:

 

İndi isə gəl ölüm-ölüm oynayaq,

Əvvəl mən ölüm, sən bilmə.

Sonra

Sən ölmə,

Sən ölmə...