SÖZ SAHİBİ QADINLAR  - Adilə Nəzərova, Filologiya üzrə fəlsəfə doktoru

YAZARLAR 13:45 / 15.07.2026 Baxış sayı: 391

 

Biz bu gün isti evimizdə əyləşib, əlimizdə telefon dünyanı izləyərkən, keçmişi mühakimə etmək çox asan görünür. Tez-tez eşidirik: İslam qadını sıxışdırır, keçmişdə kişilər niyə bu qədər qadınla evlənirdi, İslam dini qadını alçaldır və s. kimi suallar bəzən bilgisizlikdən, bəzən də o dövrün insanının nələr çəkdiyini təsəvvür edə bilməməkdən doğur. Amma gəlin tarixin zaman çarxını bir az geri fırladaq və VII əsrin Ərəbistanına, o qızmar səhralara boylanaq. Bitmək bilməyən qəbilə davaları ilə qovrulan, güclünün zəifi əzdiyi bir coğrafiya təsəvvür edin. O coğrafiyada nə dövlətin verdiyi dul qadın müavinəti var idi, nə sığınacaqlar, nə də təkbaşına ayaqda qala biləcək bir sosial sistem.

İslamdan əvvəl qadın miras ala bilməzdi, əksinə, özü bir əşya kimi mirasa gedərdi... Doğulan qız uşaqlarının diri-diri basdırılması isə o dövrün amansız səhra qanunlarının gətirdiyi bir rəzalət idi. Bax belə bir qaranlığın içində İslam gəldi və ilk iş olaraq qadını əşya olmaqdan çıxarıb “söz sahibi” etdi. Ona mülkiyyət haqqı verdi, miras haqqı tanıdı və onu cəmiyyətin mərkəzinə çəkdi.

İslamdan sonra qadınlar heç də zəif və səssiz deyildilər. Onlar ictimai həyatın hər yerində idilər – bazarda ticarət edir, məsciddə xütbə oxunarkən ayağa qalxıb öz hüquqlarını tələb edirdilər. Hətta “Quran”ın Əhzab surəsinin 32-ci ayəsində Peyğəmbər xanımlarına belə buyurulurdu: “Ey Peyğəmbər zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!” Bu ayə bizə çox mühüm bir həqiqəti pıçıldayır: Deməli, o dövrün qadınları evdə qapalı qalmırdılar, cəmiyyət arasında fəal şəkildə danışırdılar, elm-əxlaq öyrədir, insanlarla ünsiyyət qururdular. Allah təala sadəcə bu ünsiyyətin rəsmi və qoruyucu bir çərçivədə olmasını istəyirdi ki, qadının o güclü səsi yanlış anlaşılmasın.

Bəs onda hamını düşündürən o məlum sual meydana çıxır: Əgər qadın bu qədər dəyərli və söz sahibi idisə, niyə çoxarvadlılıq var idi? İmamlar, tarixi şəxsiyyətlər niyə birdən çox qadınla evlənirdilər?

Cavab əslində çox sadə və insanidir: Birincisi mərhəmət; ikincisi sağ qalmaq mübarizəsi və böyük gələcək naminə qurulan ittifaqlar.

O dövrdə o coğrafiyada hər il böyük müharibələr baş verir, yüzlərlə, minlərlə kişi həlak olurdu. Səhranın ortasında təkbaşına qalmış bir qadının uşaqlarını qoruması, dolandırması fiziki olaraq qeyri-mümkün idi. Əgər o dövrdə hər kişi yalnız bir qadınla evlənə bilsəydi, minlərlə dul qadın və yetim uşaq küçələrdə hər cür təhlükəyə açıq vəziyyətdə məhv olacaqdı. O dövrün evlilikləri indiki kimi sadəcə “romantika” üzərində qurulmurdu, bu, bir ailəni, bir nəsli qorumaq üçün çiyinə götürülən ağır maddi və mənəvi yük idi. Peyğəmbərin və imamların evləndiyi qadınların demək olar ki, əksəriyyəti müharibələrdə ərini itirmiş, himayəyə möhtac dul qadınlar idi. Bu evliliklər həmin qadınları cəmiyyətin içində ucaltmaq və uşaqlarına sahib çıxmaq üçün atılan ən humanist addım idi.

Tam bu məqamda “Quran”ın bəzən çox yanlış anlaşılan, məsələyə səthi yanaşanlar tərəfindən fərqli tərəfə yozulan, bəzən də bilərəkdən təhrif edilən bir ayəsinə – əl-Bəqərə surəsinin 223-cü ayəsinə diqqət yetirək. Ayədə buyurulur: “Qadınlarınız sizin tarlanızdır...” Müasir dövrün insanı bu cümləni oxuyanda elə bilir ki, burada qadın alçaldılır. Unutmayaq ki, Quran ayələri mənzum şeir dilindədir, yəni oradakı sözlərin, bənzətmələrin çoxu dərin məcazi anlam daşıyır. Səhra şəraitində yaşayan, hər an yox olmaq təhlükəsi ilə üz-üzə qalan bir cəmiyyət üçün “tarla” və “əkin” sözü həyatın, bərəkətin və gələcəyin rəmzi idi. Allah burada kişilərə pıçıldayırdı ki, qadın sizin sadəcə keçici həvəsiniz, eyş-işrət vasitəniz deyil. O, sizin nəslinizi davam etdirəcək, ailənizi, torpağınızı, namusunuzu qoruyacaq oğullar, qəhrəmanlar yetişdirən müqəddəs bir ocaqdır, bir bərəkət rəmzidir. Kişi öz gələcəyini qorumaq, cəmiyyətə bir sipər bəxş etmək üçün o tarlaya – yəni ailəsinə sevgiylə, məsuliyyətlə yanaşmalı, orada gələcəyin böyük şəxsiyyətlərini yetişdirməlidir. Bəli, məhz yetişdirməlidir...

Tarixdə bu ali missiyanı – ailəni adi bir evlilikdən çox gələcəyin böyük sipərini yetişdirmək yolu kimi görən ən parlaq nümunə məhz Həzrət Əlinin (ə) addımı idi. Həzrət Fatimənin vəfatından illər sonra o, qardaşı Əqilə müraciət edərək deyir: “Mənə elə bir qadın tap ki, ərəb dünyasının ən cəsur nəsillərindən olsun. Çünki mənə Kərbəlada Hüseynə dayaq olacaq qəhrəman bir oğul lazımdır.” Beləcə, o, Ümmül-Bənin (Bəni-Kilab qəbiləsindən olan Fatimə) adlı güclü, şərəfli bir qadınla evlənir.

Bu evlilikdən tarixin ən böyük qəhrəmanlarından biri – Həzrət Abbas doğulur. Aşura faciəsində, o dəhşətli Kərbəla çölündə hamı Hüseyni tək qoyanda, Abbas öz canı, qanı bahasına qardaşını, Peyğəmbər ailəsini və qadınları qoruyur. İndi düşünək: Əgər o dövrün evliliklərinə sadəcə kor-koranə “çoxarvadlılıq” damğası vursaq, Həzrət Əlinin bu müdrik addımını, Ümmül-Bənin kimi fədakar bir ananın tarixə bəxş etdiyi Abbas qəhrəmanlığını necə anlaya bilərik? O qadınlar bir ailəyə gələndə kölgədə qalmırdılar, əksinə, gələcəyin qəhrəmanlarını böyüdən, tarixi formalaşdıran ana dirəyə çevrilirdilər.

Buradan anlayırıq ki, Quran həm də endiyi o dövrün, o coğrafiyanın acı reallıqlarına, insan ehtiyaclarına həll yolları gətirən ilahi bir qanundur. Allah-Təala hökmlərini göydən mücərrəd bir fəlsəfə kimi endirmədi, o qızmar səhranın qanlı-canlı problemlərinə toxunaraq, o dövrün insanının yarasına məlhəm oldu. VII əsrin səhra şəraitində kimsəsiz qadını qorumağın yeganə yolu bu evliliklər idisə, ilahi qanun da buna rəvac verdi. Din dəyişməz ədalət və mərhəmət prinsiplərini o dövrün şərtlərinə uyğunlaşdırıb tətbiq etdi.

Bu gün islam dininin qadına verdiyi dəyəri görməyənlər, keçmişin o çətin reallıqlarını və insanlıq dramlarını unudanlardır...