Tapdıq ƏLİBƏYLİ  - SƏNƏT ECAZKARLIĞI

YAZARLAR 10:00 / 15.07.2026 Baxış sayı: 354

Dünyaya təşrif buyurduğun gün, ömür təqviminin 80 ili qutlu olsun, azman aydınımız, illərin dostu, mədəniyyətimizin Məzahir Cəlilov səhnə imzası!

 

Nisəxanım ana qəhərlənə-qəhərlənə əllərini uca göylərə tutaraq Ulu Yaradana dua etdikcə, gözləri birdən-birə tutulmuş beş yaşlı Məzahirin hönkürtü ovxarlı yanğılı səsi sanki aləmi yandırıb-yaxacaqdı... Neçə-neçə həkim, təbib müalicəsinin nəticəsiz qalmasına rəğmən pənah gətirdikləri axund Səməd onlara ürək-dirək verərək şəfa duası yazdı... Bu sirli-sehrli dünyamızın təzad dolu təsadüf və zərurət həqiqətlərini kim bilir?..

Bu nadinc uşağın gözlərinə yenidən nur gəlməsi bəlkə də, onun gələcək sənət yoluna Allahın bir lütfi idi. Çünki zaman gələcəkdi, o, sənətilə özü işığa dönəcəkdi. O işıq ki, öz ecazkarlığı ilə yüzlərlə, minlərlə insanın mənəvi dünyasına işıq saçacaqdı...

Məzahir Həmdulla oğlu Cəlilov 1946-cı il iyulun 15-də Masallı rayonunun Şərəfə kəndində dünyaya göz açıb. Doğulduğu kənddə yeddinci sinfi bitirib və 1961-ci ildə Bakıya gələrək texniki-peşə məktəbinə qəbul olub. Operator ixtisasına yiyələnərək Bakıda müxtəlif müəssisələrdə çalışıb.

1965-ci ilin mayından 1968-ci il iyun ayının əvvəllərinə kimi hərbi xidmətdə olmuşdur.

Yeniyetmə vaxtlarından rəssamlığa meyl göstərən, özfəaliyyət kollektivlərində həvəskar aktyorluq edən Məzahir Cəlilov 1969-cu ildə yenicə yaranan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına yardımçı aktyor götürülüb. Burada bir neçə tamaşada epizod rolda səhnəyə çıxıb. Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində Mahmud bəyi oynayıb.

1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə olması ilə əlaqədar olaraq avqustun 25-də teatrdan işdən çıxıb. Əvvəllər günduz şöbəsində oxuyub, ancaq təhsilini 1975-ci ildə axşam şöbəsində başa vurub. Təhsil ala-ala institutun Tədris teatrında aktyor olaraq çalışıb. Bu gənc kollektivdə bir neçə rol oynayıb.

O cümlədən Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” (Səlim bəy), Mixail Lermontovun“İki qardaş” (Aleksandr), Hüseyn Cavidin “Şeyda” (Qara Musa), Əbülfəz Hüseynin “Mən bu cahana sığmazam...” (Qəmbər) pyeslərinin və s. tamaşalarında iştirak edib.

O, burada müəyyən səhnə təcrübəsi keçəndən və ali təhsilli aktyor diplomu almaq ərəfəsində (12 mart 1975) Lənkəran şəhərində yenidən həyata vəsiqə alan Dövlət Dram Teatrına aktyor işləməyə dəvət olunub. Bu kollektivdə bir müddət çalışıb və yadda qalan xeyli rol ifa edib. Aktyor 6 yanvar 1977-ci ildə oradan işdən çıxandan sonra bir müddət Masallı rayon Mədəniyyət evində müdir işləyib.

Məzahir Cəlilov Mədəniyyət Nazirliyinin göndərişi ilə 1980-ci il sentyabr ayının 11-dən Akademik Milli Dram Teatrının kollektivində çalışır. O, bu şöhrətli sənət ocağında xeyli rol oynayıb.

Bunlardan Vəkil Vadenbirn (L.Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M.İbrahimov "Közərən ocaqlar"), Papas (H.Cavid "İblis"), Şeyx Alı (S.Vurğun "Vaqif"), Sıldırım (N.Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M.S.Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ.Əfəndiyev "Hökmdar və qızı"), Kərbəlai Muxtar (C.Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B.Vahabzadə "Dar ağacı"), Yao (Ç.Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M.F.Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N.Hikmət "Kəllə"), Məlüküldövlə (İ.Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ.Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M.Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı") və s. obrazlarını göstərmək olar.da “Azərbaycanfilm”də istehsal edilmiş “Musiqili xaş” (Mühasib Hüseyn), “Birinci gün gecə yarısı” (Rezident), “Əlavə iz” (Biznesmen) və s. rollarına çəkilib.

Bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da Hüseyn, "Yurd yeri"ndə Əhməd və başqa maraqlı obrazları tamaşaçılara təqdim etmişdir.

Enişli-yoxuşlu səhnə yolu keçmiş M. Cəlilovun nəhayət ki, zəhməti dəyərləndirilərək, Respublika Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan teatrının inkişafındakı xidmətinə görə “Əməkdar Artist” fəxri adı verilmişdir.

Yazımın “giriş” məntiqi ilə, Məzahir Cəlilovun təkrarsız bir sənət örnəyi haqqında düşüncələrimi bölüşmək istərdim. Tərəddüdsüz deyə bilərəm ki, Məzahir müəllim söz açaçağım təkcə o sənət əsəri ilə belə böyük sənətə imza atmışdır.

Bədii-ictimai fikir tariximizin, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiklərindən biri, müqtədir sənətkar Cəfər Cabbarlının müəllifi olduğu “Ana” şeirini bədii qiraətlə məşğul olan bir neçə sənət adamının təqdimatında dəfələrlə zövq alaraq dinləmişəm. Amma çağdaş aktyorluq sənətinin peşəkar nümayəndəsi, əməkdar artist Məzahir Cəlilovun ifa ustalığı qədər təsirlənməmişdim. Məzahir müəllim bu şeiri dinləyiciyə belə demək mümkünsə, ekstaz hal həddində, bənzərsiz bir bədii-estetik biçimdə çatdırır. Səsin cazibəsində sanki həzzin affekt halına düşürsən... Təbii ki, bu cəhət hər sənətkara nəsib olmayan bir qüdrət, özünəməxsusluqdur.

Bu möhtəşəm ifa-qiraətlə bağlı bəzi məqamlara toxunmaq istərdim. Bəri başdan deyim ki, “Ana” şeirinin uca ideyası Məzahir müəllimin kövrək və həzin səs tembrində daha qabarıq şəkildə təlqin olunur. M.Cəlilov sanki elə bir xitabət kürsüsündən səslənir ki, bu ucalıq bütün cahanın fövqündədədir.

Şeirin qiraəti zil və bəm registlərdə, yüksələn və enən səs fonunda dolğun bir süjet xətti ilə müşayiət olunur. Ana obrazı şeirin əvvəlindən axırına qədər xarakterik səslə canlanır. Mətn səs müstəvisində sanki yenidən həyata vəsiqə alır, şeir yenidən doğulur. Eləcə də bədii sözün süjet xəttitək təzahür edir.

Bəllidir ki, süjetbu və ya başqa əhvalatların bədii əsərdə müəyyən xətt üzrəində inkişaf etdirilməsini özündə əxz edir. Bu müvazilikdə Məzahir müəllimin ifasını iri həcmli bir əsər timsalında təsəvvür etmək olar ki, bu təqdimatı şərti olaraq ədəbi əsərin süjetini təşkil edən beş cəhətlə: ekspozisiya (bədii müqəddimə), zavyazka (düyün mərhələsi), kulminasiya (zirvə nöqtəsi), razvyazka (ziddiyyətlərin açılması) və finalla (sonluq) müqayisə etmək, səciyyələndirmək olar.

Səslənən mətnin ilk üç bəndini bədii müqəddiməyə aid etmək olar. Səsin tonu mətnin ovqatına uyğun ovxarlanır, sanki keçid üçün tədricən yüksəlir:

Əgər bütün bəşəriyyət ədüvvi-canım оla,

Ürək süqut eləməz aldığı mətanətdən.

Ricavü xəvfə məkan vermərəm gər alimlər,

Min il vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, cəkinmərəm haşa,

Və ya ki, vəd edələr dövləti-cahanı mənə

Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,

Əyilmərəm nə ki, yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,

Ölum gucilə mənə hokm edə оlum təslim,

Əyilmərəm yenə haşa! Ölum nədir ki, оnun

Gucilə xalqa həqiranə eyləyim təzim?

“Gucilə xalqa həqiranə eyləyim təzim?” misrasından sonra səsin ləngəri tarazlanmağa doğru istiqamətlənir, ifa hiss- həyacan çalarları ilə cilalana-cilalana “düyün mərhələsi” nə qədəm qoyur:

Cahanda yоx elə bir qüvvə baş əyim оna mən,

Fəqət nə güclü, zəif bir vucud var, yahu,

Ki, hazıram yıxılım xaki-payinə hər gun,

Öpüm ayağını əcz ilə. Kimdir о? Nədir о?

Ana! Ana!.. О adın qarşısında bir qultək

Həmişə səcdədə оlmaq mənə fəxarətdir;

Оnun əliylə bəla bəhrinə yuvarlansam,

Genə xəyal edərəm bəzmi-istirahətdir.

Novbəti bəndin intonasiyasında dərin dəryalardan sahilə can atan şahə qalxmış dalğaların çırpıntıları, kükrəyən dağ çaylarının əks-sədası, şəlalənin torpağa qovuşmaq vüsətinin səs zirvəsini seyr edirik:

Əs, ey kulək, bağır, ey bəhri-biaman, ləpələn!

Atıl cahana sən, ey ildırım, alış, parla!

Dayanma, taqi-səmavi gurulda, catla, dağıl!

Sön, ey gunəş, yağışın yağdır, ey bulud, ağla!

Təbiətin dəhşət doğuran qorxunc təbəddülatları fonunda zilə qalxan üsyankar səs “Ana” kəlməsində həlimləşir, duyğusallaşır . “Sön, ey gunəş, yağışın yağdır, ey bulud, ağla!” misrasınıdan sonra Məzahir müəllimin duyğusunu ifadə edən təzadlı haləti - könül oxşayan qəhqəhəsinin ürək yaxan hönkürtü ilə əvəzlənməsi adi qiraət əhatəsindən çıxır və təsir, təlqin effektini qat-qat gücləndirir. Qəhqəhə- hönkürtü fonunda olan bu məqam sənətkar tapıntısının təzahürüdür.

Səsin təbəddülatlarında poeziyanın informasiya predmeti süzgəclənir. Sanki “ziddiyyətlərin açılması” göz önünə gəlir:

Mənə əsər eylərmi bu? Mutləqa yоx! Yоx! – Yоx!!!

Fəqət Ana! О muqəddəs adın qabağında,

О pak bağrına bassın məni, desin layla,

Təbəssüm оynadaraq titrəyən dоdağında.

Sanki ananın beşik başındakı laylasının avazı eşıdilir: lay-lay-lay... Duyğulu səslənmə sənətkarın “ – Ana... Ana... Sənə mən rahibəm itaətdə!..” - həzin pıçıltısı ilə sona çatır:

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara hər aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən duşər bir soz:

– Ana... Ana... Sənə mən rahibəm itaətdə!..

Bu monolit qiraət fonunda ədəbi çırpıntılar hər misra, hər beyt bir daha bənzərsiz yaşam qazanır. Təbii ki, bu ifanı qələmlə “canlı” sərgiləmək əslində gerçəklikdən uzaqdır. Gərəkdir ki, dinləyəsən... Bax, bu əsl sənət ecazkarlığıdır.

...Səsin, sözün sehrində duyğulana-duyğulana düşüncəmdə şehli sətirlər yarpaqlanır, bu munis duyğuların ovqatında təəssüratım misralara hopur:

Duyğu qanadında ruhum şeh çəkər,

Heyrət ovqatında dilim çiçəklər...

Arıya nədirsə tər gül- çiçəklər,

Elə mənim üçün söz-sənət odur.