Ayaz  Arabaçı - Ən böyük sərvət

YAZARLAR 09:00 / 15.07.2026 Baxış sayı: 389

 

Son günlər az qala Rusiya-Ukrayna müharibəsindən, ABŞ-la-İranın gündən-günə gərginləşən münasibətlərindən daha çox bu sual gündəmi zəbt eləyib.

Televizora baxmamağı tərbiyəsizlik hesab etmək mümkündürmü?

Yoxsa əsl tərbiyəsizlik insanın düşünmək haqqını ekran qarşısında hansısa bir plauna təslim etməsidir?

Bu sual bir nəfərlə başlamır, bir nəfərlə də bitmir. Söz adamı dediyi hər fikrin məsuliyyətini ömrü boyu çiynində gəzdirir, əgər doğrudan da adamdırsa!

Jurnalistikanın ən böyük sərvəti kamera deyil,mikrofon deyil. Reytinq heç deyil.

Onun ən böyük sərvəti etibardır.

Etibar isə hər gün yenidən qazanılır, bir dəfə itiriləndə isə illərlə geri qayıtmır.

Bir vaxtlar hakimiyyətə sual verməyi peşənin şərəfi sayan jurnalist, əgər günlərin birində sual vermək əvəzinə sualları seçməyə başlayırsa, problem artıq jurnalistikada yox, jurnalistin özündədir.

Ekran heç vaxt yalan danışmır.Sadəcə,bir çox hallarda həqiqətin göstərilməsinə icazə vermir.

Ən təhlükəli senzura insanın öz daxilində qurduğu senzuradır.

Bu gün cəmiyyətin narahatlığı bir jurnalistin hansı kanalda işləməsində deyil. İnsanları düşündürən odur ki, söz hələ də həqiqətin xidmətindədirmi, yoxsa rahatlığın, komfort həyatın dalınca sülənməkdədir

Jurnalist hakimiyyətin də dostu ola bilər, müxalifətin də.

Amma hər ikisinin qarşısında eyni məsafədə dayana bilmirsə, artıq jurnalistika yox, tərəfkeşlik başlayır.

Tarix isə tərəfkeşləri yox, prinsip sahiblərini sevir.

Çünki ekranın yaddaşı qısadır.

Cəmiyyətin yaddaşı isə çox uzun...

O gün olacaq ki kameralar sönəcək, studiyalarda bayquş ulayacaq, alqışlar kəsiləcək.

Onda yalnız bir güzgü qalacaq.

Həmin güzgü isə nə montaj tanıyacaq, nə də efir qaydalarını!

Orada yalnız bir sual veriləcək:

Sən sözə xidmət etdin, yoxsa xəyanət..