Əbülfət  Mədətoğlu  - UTANIR

Ədəbiyyat 09:38 / 15.07.2026 Baxış sayı: 372

Cibimdə durumum üşüyür -

Utanır əlimdən...

Cismimdə qürurum üşüyür -

Utanır ölümdən!..

 

Üzümdə təbəssüm ərimir

Gözümdə kədərim kirimir...

Ümid də yanaşı yerimir -

Utanır gülümdən!

 

Səssizcə üyünür dözümüm,

Tapa da bilmirəm çözümün

Tay  duzu da qaçıb sözümün -

Utanır dilimdən!..