Əşrəf Veysəllinin  ŞEİRLƏRİ

Ədəbiyyat 08:37 / 15.07.2026 Baxış sayı: 431

 

Bu gün mərhum ,ustad şair  Əşrəf Veysəlli  ölümünün 40-cı günüdür.

Ruhu şad olsun.

 

 

Nə gəlməz oldun

 

Varım da,yoxum da gedib səninlə,

Ay gedər -,gəlməzim, nə gəlməz oldun.

Gecələr yuxum da getdi səninlə,

Ay günüm-gündüzüm ,nə gəlməz oldun.

 

Bu necə sevgidir,bu necə tilsim,

İstərəm üstündə yarpaqtək əsim.

Səni səsləməkdən tutulub səsim,

Qaralıb nəfəsim,nə gəlməz oldun.

 

Ömrümün gülünü dərdin əlinlə,

Dərib ,küləklərə verdin əlinlə,

Mən haray çəkirəm dərdin əlindən,

Ay qaradinməzim,nə gəlməz oldun.

 

Gözüm gözləməkdən kor oldu sənsiz,

Eşqimiz dillərdə car oldu sənsiz.

Bu dünya başıma dar oldu sənsiz,

Göylərdən enməzim,nə gəlməz oldun.

 

Kəlməsi şirinim,sözü göyçəyim,

Aylı gecələrdən üzü,göyçəyim.

Adı bilinməzim,özü göyçəyim,

Gözə görünməzim,nə gəlməz oldun.

1999

 

Ayrılmazdım yuxudan

 

Ötərsənsə bağlarında eşqimin,

Ölmüş,itmiş arzularım oyanar.

Qonarsansa, gözlərimə yaş kimi,

Kipriklərim keşiyində dayanar.

 

Həsrətindir saçlarıma salıb dən,

Həsrətindir-ürəyimi qorxudan.

Bilsəydim ki,sən yuxuma girərsən,

Mən ömürlük ayılmazdım yuxudan.

1967

 

Bir qədər də geciksən

 

Çinar kimi

için -için yanasıyam.

Çinar kimi

yollar üstə qonasıyam.

Daha məndə qalmayıb

sərçənin də dözümü .

Bir qədər də geciksən ,

Bircə yarpaq

vüsal üçün

Tikanlara çırpasıyam özünü...

1968