Zəlimxan Yaqub - OLA

Ədəbiyyat 07:54 / 09.12.2025 Baxış sayı: 642

 

Dəlib-deşir ürəyi dərd ürəkdə qalanda,

Dərdləşmək gözəl işdi, dərdini duyan ola.

Ürəyindən keçəni gözlərindən oxuyan,

Sənə ömrünü verib, vaxtını qıyan ola.

 

Qayğılar sığal çəkə könül adlı sazına,

Naz satasan dünyaya, dünya dura nazına.

İnsan qibləyə dönə durasan namazına,

Sirrinə yaxşı sirdaş, qəlbinə həyan ola.

 

Səslər içində səsin, adlar içində adın,

Əzizinə dönəsən həm doğmanın, həm yadın.

İçində boğulmaya arzun, eşqin, muradın,

Hökmünü, qüdrətini ellərə yayan ola.

 

Yalan,zülmət, qaranlıq, doğru səhər, doğru dan,

Danışasan doyunca həqiqətdən, doğrudan.

Nə ruhunu sarsıdan, nə başını ağrıdan,

Nə dediyin söz üstə dərini soyan ola!

 

Ömür-gün varaqlana qədim bir kitab kimi,

Sevinci sevinc kimi, əzabı əzab kimi.

Duyğular, düşüncələr çözələnə sap kimi,

Fikir fikrə, səs səsə, söz sözə uyan ola!

 

Hökmü sənə yar ola dəqiqənin, saatın,

Nuruna çevriləsən, bu nurlu Kainatın.

O qədər şirinləşə ömrün, günün, həyatın,

Nə sən doymaq biləsən, nə səndən doyan ola!