Yadigar Təvəkgul - Dəniz olan gözlərinə düşmüşəm...

Ədəbiyyat 11:30 / 09.12.2025 Baxış sayı: 700

 

Dəniz olan gözlərinə düşmüşəm,

Üzə də bilmirəm çıxam sahilə.

Bütün ağrıların göz yaşlarını,

Çıxaram qəlbimdən sıxam sahilə.

 

Göyləri vermisən bu eşqə ənam,

Bəs niyə qanadım əlində qalıb.

Ruhum sevgin ilə pərvaz edəndən

Bütün dincliyimi əlimdən alıb.

 

Çatmır məhəbbətin ağırlığına,

Çatmır unutmağa ürəyin gücü.

Vallah bu gecənin qaranlığında,

Göynəyir sənincün burnum ucu.

 

Saldın səadətin müsibətinə,

Könlümü eşq adlı odun dağlayır.

Üzünə bir damla yağış düşsə bil,

Arxanca bir şair qadın ağlayır.