Xanım İsmayılqızı -Nə zorum var, nə zorxanam...

Ədəbiyyat 09:11 / 10.02.2026 Baxış sayı: 386

Nə zorum var, nə zorxanam,

Qılıncım da başı kəsmir.

Nə meyim var, nə meyxanam,

Orağım da qışı kəsmir.

 

Topum da var, tüfəngim də,

Yaxşı atıcı deyiləm.

Hər şeyin qiyməti bəlli,

Mənsə satıcı deyiləm.

 

Atam da var, anam da var,

Qardaşım, bacım, balam da...

Sinəmin sol tərəfində

Doğrularımdı yalanda...

 

Baltam da var, cəlladım da,

Kötüyüm də xüsusidir.

Mənə verilən töhfələr

Şablon deyil, məxsusidir.

Bu gözümlə o gözümün

Arasında çəpərim var.

Kor olsam da, kar olsam da,

Olanlardan xəbərim var.

 

Yaxşı-yaman ömür də var,

Sürücülük vəsiqəm yox.

Qaydaları da pozuram,

Cərimələr yaşımdan çox.

 

Nə zorum var, nə zorxanam,

Qılıncım da başı kəsmir.

Nə meyim var, nə meyxanam,

Orağım da qışı kəsmir.