Ayaz Arabaçı - Həm də bəlkə ona görə ki...
Ağlınıza batmasa oxumayın..
Hava dünənkinə nisbətən xoşdur.Dünən çox üşüdüyümdən bu gün bir az əynimi qalın elədim.Paltar da qalın olanda gəzməyin dadı-duzu qaçır.
Alayarımçıq işlərimdən bir neçəsini görüb qurtardım, bir-iki dostla hal-əhval tutdum,metronun qabağındakı dilənçi qadına yüngülvari çörəkpulu verdim və gəldim ustadın məkanına- Səməd Vurğun bağına.
Şair heykəldən çıxıb getmək istəyirdi-nədən ki:
Könlü intizarda, gözü yol üstəydi..Bu bağda adətən dərdləriniin yükünü qürurla daşıyan adamlara çox rast gəlirəm.
Və onlara baxıb hey düşünürəm..Həyat elə uzun və yorucu ki..
Hər dəfə zaman onların arxasınca səslənir:
-Mən sizə heç nə vəd etmirəm.
Bağda sakitlikdir..
Bir neçə gün öncə küləkdə rəqs edən saralmış yarpaqlardan əsər yoxdur.
Qarğalar və göyərçinlər çox məyusdular,bu gün onlarla oynamağa cəhd edən körpələr gəlməyib.
Yoxluq pis şeydir..
Və bir müddət sonra heç kimdən və heç nədən əsər qalmayacaq..O müddət isə bəlli deyil..Hesablar başqa-başqa.
Düzdü, mənim bu yazımda dərin hikmət-zad yoxdur.Amma bir para düşündürücü məqamlar var.
İnsanın əlində həmişə özü olmaq kimi bir imkanı var.
Yoxluq həm də burda özünü göstərir,əgər sən özün deyilsənsə yoxsan.
Özü olmaq isə
Bu, gözəlim dünyada hər kəsə verilmiş ən böyük azadlıqdır.
Çünki insan hər şeyini itirə bilər ,varını-dövlətini, evini-eşiyini, vətənini ,torpağını, sevdiklərini, hətta ümidlərini…
Amma bir şeyi heç kim onun əlindən ala bilməz:
özü olmaq imkanını.
Bəs niyə bu qədər möhtəşəm olan bir imkana hamı yiyələnmək istəmir...
Çünki özün olmaq asan məsələ deyil.
Özün olmaq başqalarının gözündə uydurduğun obrazdan imtina etmək deməkdi.
Özün olmaq həqiqəti seçməkdir.
Özün olmaq hamı kimi olmağın rahatlığından çıxmaqdır.
İnsan çox vaxt maskalarla yaşayır.(İraq Koviddən)
Kovid dedim yadıma bir lətifə düşdü..
Deyim sonra mövzuya qayıdaram.
Deməli Kovidin tüğyan elədiyi o illərdə oğlanla qız bir-neçə günlük küsüşmədən sonra mesajlaşır.
Söhbət əsnasında oğlan qıza yazır ki, bu gün mesajlarıma cavab verməsəydin axşam özümü öldürəcəkdim. Qız gülüb deyir
-Ona görəmi günorta aptekdən 10 paçka maska alırdın))
Hə..
Özün olmağın o qədər ağır şərtləri var ki..Cəmiyyət istəyir ki, o istədiyi kimi olasan.Ailə bir başqa şey deyir,Dostlar bambaşqa bir şey.Və adam yavaş-yavaş özündən uzaqlaşır.Əslində, insanın ən böyük qorxusu tək qalmaq deyil öz həqiqi siması ilə üz-üzə qalmaqdır.Çünki özün olmaq məsuliyyətdir.Bu, mən belə düşünürəm demək cəsarətidir.Bu, səhv etmək, fərqli olmaq, bəyənilməmək riskidir.Çoxları azadlıq istəyir,amma azadlığın tələb etdiyi təkliyi istəmir.Çoxları həqiqət axtarır,
amma həqiqətin dağıda biləcəyi yalanlardan vaz keçmək istəmir.
Halbuki insan yalnız özü olanda bütöv olur.
Başqasına bənzədikcə yox, özünə yaxınlaşdıqca ucalır.
İnsan başqalarının gözündə deyil,
öz vicdanının qarşısında ucalanda insan olur.
Bu insanın öz ruhuna, öz səsinə, öz həqiqətinə qayıdışıdır.
Və bəlkə də insan həyat boyu bir həqiqəti gec anlayır
dünya səni başqası kimi qəbul edəndə deyil,
özün kimi qəbul edəndə sən həqiqətən mövcud olursan.
Bu fikirlər səhər-səhər əziz bir dostumla elədiyim söhbətdən doğdu əsasən..
Sonra yenə dönüb ustadın heykəlinə baxıb düşündüm ki, könül intizarda, göz yol üstədir..Həm də bəlkə ona görə ki,
hərə özünə qayıdacağı günün intizarındadır..