Vasif Süleyman  -  BİR AZCA

Ədəbiyyat 10:55 / 10.02.2026 Baxış sayı: 354

 

Göyçək tellərini oxşamaq hədər,

Yel olub üstündən əsəm bir azca.

Bir azca sevincsən, bir azca kədər,

Bir də Allah bilir nəsən, bir azca.

 

Bizə qismət yazan haqdan küsmüşəm,

Dünyanı sevdiyim vaxtdan küsmüşəm.

Mən öz taleyimdən çoxdan küsmüşəm,

Necəsən, səndən də küsəm bir azca…

 

Yüyürüm dumana, sisə deyirsən,

Mətləbi nə yaman qısa deyirsən…

Deməyə-deməyə nəsə deyirsən,

Nolar, deyə-deyə desən, bir azca.