AY Aybəniz  Əliyar  Kərimova  - GETMƏ...

Ədəbiyyat 11:38 / 10.02.2026 Baxış sayı: 428

 

Mənə dərd oldu yenə getməyin, ey yar, getmə,

Ol yenə eşqim üçün əhdə vəfadar, getmə.

 

Qıyaram gözlərimə, ağlayaram sübhə qədər,

Gər edib sevməyə ruhun məni vadar, getmə.

 

Yenə gəl ki, gülüzardır bu canın eşq çəməni,

Səsinə oldum, aman, təşneyi-didar, getmə.

 

Yandırıb qəlb odumu, baxma hədər yanmağına,

Ol şəfa əhli, canım, ol ki, xiridar, getmə.

 

Yenə həsrət çəkəcəm gül üzünə, ey canan,

Üzülən halıma rəhm et,qəmə düçar, getmə.

 

Hər gecə xoş xəyalın, gər ki, əsirdir yuxuma,

Bu qərib yarı yenə eyləmə bimar, getmə.

 

Aybənizdir yenə də zülfü-pərişan gözəlin,

Həm cana can verənim, həm də sitəmkar, getmə.