Əlizadə Nuri - Gəl

Ədəbiyyat 20:15 / 10.02.2026 Baxış sayı: 206

 

Dərdin dərmandı mənə,

Hardasan dərd-sərim, gəl.

Yolları bir xalıtək

Ayağına sərim, gəl.

 

Soyuğuna yandığım,

Gün var ki usandığım?!

Dinimdə pir sandığım

Dilimdə əzbərim, gəl.

 

Bu dünya ağı imiş,

Sevgim göz dağı imiş.

Ayrılıq yağı imiş-

Sipərim, səngərim, gəl.

 

Səni xatırlamaqdan,

Vaxt yoxdu unutmağa.

Əllərindən tutmağa

Əlimi göndərim, gəl.

 

Son yarpağım üzülür,

Gəl, öldür bu hüzünü.

Bütün bu yer üzünü

Başına döndərim, gəl...