SÜLEYMAN ABDULLA.DAN    İKİ ŞEİR

Ədəbiyyat 09:25 / 10.02.2026 Baxış sayı: 419

BİLİNMƏZ

 

Ağzıgünə, ay dost, oba olmur el,

Ümid yerə ya xalxadı, bilinməz.

Hardan əsdi bu yekcins qara yel,

Niyə dağda çən yalxadı, bilinməz.

Bir vaxt vardı gözəl dünya, doğma yurd,

Daha vətən eşqi bir sözdü absurd.

Bir otlardı körpə quzu, qoca qurd,

Bu dünyanı kim çalxadı, bilinməz.

Qürub vaxtı ahım sarı sim oldu,

Yaz nəfəsin qış ömrümə him oldu.

Səni mənə urcah edən kim oldu,

Məni sənə kim salğadı, bilinməz.

Şüadırmı uzaqlarda bərq edən,

Varmı haqqın işığını fərq edən?!

Məni alıb ağuşunda qərq edən,

Nə qasırğa, nə dalğadı, bilinməz...

 

ÇIXIŞ

 

Dünyanın toran vaxtında,

Hər şeyin ağı çıxdı, dost.

Uzaq uzaqdı onsuz da,

Yaxınlar yağı çıxdı, dost.

Soyudu od nəfəsimiz,

Kökdən düşdü həvəsimiz.

Batdı düz yolda səsimiz,

Ahımız dağı çıxdı, dost.

Qurd yerinə qoyduq iti,

Qumaş sayan satdı çiti.

Çıxandan hər sözün şiti,

Söhbətin lağı çıxdı, dost.

Vaxt yetişdi, vədə çatdı,

Haqqın yolu yeddi qatdı.

Sinəmizin solu batdı,

Canınsa sağı çıxdı, dost.