Aləmzər Sadıqqızından  İKİ  ŞEİR

Ədəbiyyat 12:11 / 10.02.2026 Baxış sayı: 400

Gözlərim yol çəkir...

Zalım, elə getdin dağıldı dünyam,

Gecələr Gün doğdu, səhərləri Ay.

Bəndəmi qarğıdı, Allahmı yazdı?

Bu qara sevdanı həyatıma pay.

Öyünmə heç zaman bu sevgi üçün,

Qoyarsan papağın dizinin üstə.

Soruş ki neylədim görən bu qıza?

Niyə qoydu məni gözünün üstə?

O mənim gözümdü pisliyə kordur,

O mənim könlümdü, gözəllik görür.

Əlimə bir çicək verməyənləri,

Çiçəkdən tac edib başıma hörür.

Əlinə çıraq al dolan dünyanı,

Nə məndən taparsan, nə ürəyimdən.

Bilirsən mən səni niyə itirdim?

Fazla dəyər verdim mən gərəyindən.

Nə yanan qəlbimə su çilədin sən,

Nə də bir ağrımın çarəsi oldun.

Üzümə təbəssüm qonduran günü,

Sabahı yaş olub gözümə doldun.

Hələ də içimdə yara yerisən,

Hələ göynəyirəm hər səhər, axşam.

Gözlərim yol çəkir gəlişin üçün,

Mən səni görürəm hayana baxsam...

5.2.2025.

 

Nə sən varsan...

Səni çoxdan unutdum,

Elə-belə yazıram...

Göz yaşımı qurutdum,

Gülə-gülə yazıram.

Nə sən varsan, nə də eşq,

Səni mən yaratmışam.

Səni sevməmişəm ki,

Özümü aldatmışam...

Sən mənim bu dünyada,

Sözümdə qalanımsan.

Ən acı həqiqətim,

Ən şirin yalanımsan.

Bir az Aya danışdım,

Bir az çiçəyə ,gülə...

Bu nağılı yazıram,

Sonda kim ölə-ölə...

Bu döyüşdə ölən mən

Qalan da mən olacam.

Çək özünü qırağa...

Dünyada mən qalacam.

Bir vardı, biri yox,

Aləm adlı qız vardı.

Onu yalan dünyadan,

Sevgisizlik apardı.

5.2.2025.