Məmməd Qə\dir - Bəhanədir

Ədəbiyyat 12:00 / 10.02.2026 Baxış sayı: 394

 

Bu gülün qoynunda eşq ətirlənib,

Çiçəyi çırtdayıb, yaz bəhanədir.

Dərib qoxlanmağa çıxır ürəyi,

İşvə bəhanədir, naz bəhanədir.

 

Gözündən asılıb eşq rəsmləri,

Dilindən boylanır yar isimləri,

Çalır ürəyinin sarı simləri,

Aşıq bəhanədir, saz bəhanədir.

 

Könül əsiridir, göz girovudur ,

Sevgi seyrəngahı, ürək ovudur,

İçini yandıran eşq alovudur,

Ocaq bəhanədir, köz bəhanədir.

 

Səndə aydınlaşır qarışan ruhum,

Yolunda alışıb yanır şam ruhum,

Ulduz tək gözündə sayrışan ruhum,

Ruhuna aşiqdir, göz bəhanədir

 

Oxudum nağılı, bildim dastanı,

Sevgiymiş bəşərin lütfü, vicdanı,

Məmmədin ürəyi eşq gülüstanı,

Sizə könül açır,söz bəhanədir..