Xanim Ismayilqizi- Batan, saman çöpü axtarar...

Ədəbiyyat 17:33 / 06.12.2025 Baxış sayı: 465

 

Batan, saman çöpü axtarar,

Əlinə nə düşsə buraxmaz.

Boğulanın yaşamaq eşqi,

Yırtıcıdır, heç nəyə baxmaz.

 

Həyat ilə ölüm körpüsü,

Çox uzundu, məsafəsi az.

Bura yolu düşən adamın,

Saatı bol, dəqiqəsi az.

 

Bəlkə də o anda bilinir,

Sevinc ilə kədərin fərqi.

Ömrü ipdən asılan bilər,

Ayaq ilə əllərin fərqin.

Allahını tanımayan da,

Dua edər azadlıq üçün.

Ölümünün üzünü görən,

Axtaracaq Tanrının gücün.

 

Bu həyat bir möcüzə imiş,

Sən ölümü dadandan soruş.

Bir nəfəsin nə olduğunu,

Öz içində batandan soruş.

 

Şeir 2012.