Vətənə canını fəda edən Cahid

YAZARLAR 20:10 / 26.06.2026 Baxış sayı: 135

“26 İyun- Silahlı Qüvvələr Günü” münasibətilə

 

1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açan Cahid Şaiq oğlu Qəniyev ləyaqətli bir övlad olaraq Vətən qarşısında son borcunu  layiqincə  verməyi  bacarıb. Belə ki, Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda  son damla qanına qədər yağıya qarşı mübarizə aparıb, şəhidlik zirvəsinə ucalıb. Bununla qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönən Biləsuvar elinin igid oğlu torpağa gömülmədi, yeri-yurdu milyonların ürəyi oldu. Dövlət də daimi Cahidin adını yüksəkdəsaxlamaq üçün  onun əbədi ömrünə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Suqovuşanın azadlığı uğrunda medalları ilə bir şərəf qatıb.

 

Qanında mərdlik, cəngavərlik ruhu olan CahidQəniyev cəbhə bölgəsində əsgərliyə başlayanda Vətənini özündən çox istəyib. Qarabağımızın erməni qəsbkarlarının tapdağı altında olması  onu çox   narahat edib.  Nümunəvi xidməti, Vətən yolunda  özünü hər an fəda etməyə hazır  olması  ona zabitlərin, əsgərlərin yanında böyük hörmət qazandırıb. Xidmət zamanı  əsl vətəndaş, mənəvi cəhətdən  zəngin insan, vətənpərvər əsgər olduğunu yaxşı göstərib. Həmçinin qatıldığı təlimlərdə döyüş igidliyinə görə fərqlənib, öyrənmək həvəsi, səriştəsi, xarakterindəki müsbət keyfiyyətləri  bir qayda olaraq diqqət cəlb edib. Cahid  Vətən naminə erməni dığalardan alacağı öcə görə  hər şeyə hazır durub. Qarabağı tezliklə azad görmək bütün arzuların zirvəsində dayanıb. Məhz buna görə də  murdar niyyətli erməni dığalarla mərdliklə vuruşmağa, onlara qarşı amansız  olacağına and içib.

2014-cü ildə Cahidin əsgəri xidməti bitib, amma yağıdan alacağı öcü qalıb. Odur ki, az müddət sonra yenidən şanlı formanı geyinib Vətənin keşiyində durub. Həm də əsgərlərdə öz şəxsi nümunəsi ilə  Vətənə məhəbbət, cəsurluq, kişilik, düşmənə  nifrət hisslərini oyadıb. Həmişə deyib ki, ermənilərdən qorxmaq Azərbaycanın qeyrətli oğullarına heç cür yaraşmır. Vətəni qorumaq, bu yolda şəhid olmaq  bizim şərəfli borcumuzdur.  Müharibə başlansa ordumuz mütləq qələbə qazanacaq.

Bəli, Vətən müharibəsinin  ilk günündən Azərbaycan ordusunun giziri CahidQəniyev öndə olmaqla rəşadətlə vuruşub. Ciddi sınaqdan zəfərlə ayrılan igid  Vətən sevdalının hünəri hamını heyran qoyub. Daha sonra Tərtər rayonunun Talış qəsəbəsinin alınması uğrunda  gedən ordumuzun  hücumunda  düşmənə sarsıdıcı  zərbələr endirib, onların 1 ədəd hərbi texnikasını, 20 nəfərə yaxın canlı qüvvəsini məhv edib. Suqovuşanda da ağır ölüm-dirim savaşında dığaların üstünə qartal tək şığıyıb, qana  susayan erməni  dığalarına  ağır itkilərlə cavab verib. Həmçinin  qızğın döyüşlər  gedən zaman bir neçə yaralı əsgər yoldaşını  müharibə meydanından çıxarıb. Sonuncu dəfə Cahid şəxsi heyətin döyüş ruhunu yüksəltmək məqsədilə düşmən səngərinə tək başına hücum çəkib. Nəticədə düşmən ciddi itki verə-verə qaçmağa üz qoyub. Təəssüf ki, Cahidin  Vətənə bağlı  ürəyi də qəfil atılan gülləyə tuş gəlib.

Doğru deyirlər ki, Vətən üçün yaşayanlar ölmürlər.  Onlar əbədi olaraq öz xalqının  şərəf və qürur yeri olaraq  həmişə xatırlanır,  keçdikləri şərəfli ömür yolları həyat məktəbi kimi örnək göstərilir. Məhz CahidQəniyev də belə ölməz qəhrəmanlardandır.

 

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü