Qorxma   - Vahid Aslan 

Ədəbiyyat 21:30 / 25.06.2026 Baxış sayı: 171

 

Çox da dodağında bitməsin giley,

Həyatı sevənə nə quzey, güney...

Donunu tərpədən külək ayrı şey,

Saçına toxunan küləkdən qorxma!

 

Doğma bildiklərin bir gün yad olar.

Şöhrət sandıqların quru ad olar.

Nifrətin içində qan var, qada var.

Sevgiylə süslənən diləkdən qorxma!

 

Labirint kimidi qəliz adamlar.

Dolanbac adamlar, dəhliz adamlar...

Şifrəli ürəkdə bil ki, xəta var.

Gözündən oxunan ürəkdən qorxma!