MEHDİ CALAL -  VERİLMƏZ 

Ədəbiyyat 14:00 / 24.06.2026 Baxış sayı: 178
                                          
 

            

                                 Vasif Süleymana  

 

Şair qardaş, sınıq dəydin gözümə,

Dərdməndlik sınmayana verilməz.

Bircə ömrü dolanırsan ruh kimi

Məstanəlik ayrı cana verilməz.

 

Sən Məcnunsan, şeirin Leyla kimidi,

Səsin, sözün həzin layla kimidi,

Seyrəngahdı, könlün yayla kimidi,

Şeir yazan hər insana verilməz.

 

Bu sevgini qaldır, qaldır,.. başda tut,

Göz üstündə, kirpik saxla,- qaşda tut!

Qayğı göstər, uca-uca yaşda tut!

Bir töhfədi, ada, sana verilməz,

 

Mənzilindir hara olsa niyətin,

Ömür fani, sən də dayan, dur mətin. 

Deyiblər ki, əyləncədi ləzzəti;

O da Vasif Süleymana verilməz.

 

Mehdi Calal dostu sevər, əzizlər,

Həsrəti çox; söndürməz ki dənizlər.

Sinəsində bənövşələr, nərgizlər,                 

Bitər, bir də bu cahana verilməz...