Idris Babayev - DƏYMƏZ

Ədəbiyyat 11:22 / 24.06.2026 Baxış sayı: 287

 

Zülümkar zülmünə yumulan gözü,

Naməhrəm görəndə yummağa dəyməz.

Qəlb ki, eşq odunda alışmayıbsa,

O qəlbdən mərhəmət ummağa dəyməz.

 

Yaxşılıq etməyə tələsməyənin,

Doğru danışana: sən kəs! deyənin,

İçində küdurət, kin bəsləyənin,

Çölünü bəzəyib, yonmağa dəyməz.

 

Dağdırsa, başında qarı yoxdursa,

Xəstə istəyəndə narı yoxdursa,

Ağacın kölgəsi, barı yoxdursa,

Uçub budağına qonmağa dəyməz.

 

Düşmənin önündə dura bilməsən,

Ovunu bərədə vura bilməsən,

Sevdiyin gözəli Sara bilməsən,

İçində qovrulub yanmağa dəyməz.

 

İdris, bu dünyada olmasan azad,

Səksən il yaşayıb, qoymasan bir ad,

Pir deyib qəbrini hər gün hər saat,

Ziyarət eyləyib anmağa dəyməz.

24.06.2026