İlqar   Türkoğlu : -  AKILBEK ŞAYAXMETİN YUBİLEYİ TÜRK DÜNYASININ ƏDƏBİ HƏMRƏYLİYİNİN TƏNTƏNƏSİNƏ ÇEVRİLDİ.

MƏDƏNİYYƏT 08:26 / 23.06.2026 Baxış sayı: 400

 

Türk dünyasının görkəmli söz ustalarından biri, Qazaxıstanın tanınmış şairi, nasiri, publisisti və ictimai xadimi Akılbek Şayaxmetin 75 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər ölkənin ictimai-mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Mən də, xüsusi dəvətlə, 17–22 iyun 2026-cı il tarixlərində təşkil olunan yubiley mərasimlərində iştirak etmək şərəfinə nail oldum.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunan yubiley tədbirləri bir ay öncə paytaxt Astanada start götürmüşdü. Mərasimlərin növbəti ünvanı isə yubilyarın doğulduğu, yaşayıb-yaratdığı və yaradıcılığının formalaşdığı Kostanay şəhəri oldu.

Kostanayda keçirilən tədbirlər Prezident Administrasiyasının nümayəndələrinin iştirakı ilə, vilayət akimi Kumar Aksakalovun və şəhər akimi Marat Jundubayevin rəhbərliyi altında yüksək təşkilatçılıq səviyyəsində həyata keçirildi. Tədbirlərin hər bir detalında Akılbek Şayaxmet yaradıcılığına, ümumən isə qazax ədəbiyyatına göstərilən dövlət qayğısı və xalq məhəbbəti aydın hiss olunurdu.

Yubiley günləri ərzində keçirilən görüşlər, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr və rəsmi qəbul mərasimləri qonaqlarda silinməz təəssüratlar yaratdı. Xüsusilə diqqətçəkən məqamlardan biri xarici ölkələrdən gəlmiş nümayəndələrə göstərilən ehtiram idi. Azərbaycan nümayəndəsi kimi iştirak etdiyim bütün tədbirlərdə çıxış etməyim üçün şərait yaradıldı, ölkəmizin ədəbi-mədəni əlaqələri barədə fikirlərim maraqla qarşılandı.

Akılbek Şayaxmetin yubileyi münasibətilə ona xüsusi bir töhfə də hazırladım. Belə ki, müxtəlif illərdə Azərbaycan dilinə çevirdiyim şeirləri, həmçinin İlyas İbrahimli və Elli Atayırdın tərcümələrini bir araya gətirərək şairin seçilmiş əsərlərindən ibarət kitab nəşr etdirdim və yubiley günlərində müəllifə təqdim etdim.

Yubiley proqramının mühüm tədbirlərindən biri Axmet Baytursınulı adına Dövlət Universitetində keçirildi. Universitetin rektoru, professor Seitbek Kuanışbayev qonaqları böyük səmimiyyət və diqqətlə qarşıladı. Bu münasibət qazax xalqının elmə, ədəbiyyata və beynəlxalq mədəni əməkdaşlığa verdiyi önəmin növbəti təsdiqi idi.

Universitetdə qazax dilində hazırladığım geniş məruzə ilə çıxış etdim. Məruzədə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin tarixi köklərindən, ortaq türk mədəniyyətinin bu günündən və gələcək perspektivlərindən bəhs etdim. Tədbirin sonunda TÜRKSOY Yazıçılar Birliyinin sədri, Qazaxıstanın Xalq yazıçısı Ulukbek Yesdaulet, Mərkəzi Asiya Beynəlxalq Yazıçılar və Tarixçilər Birliyi “Yanqi Ovoz”un sədri Joldoşbek Monoldorov və mən universitetin yüksək medalına layiq görüldük.

Mənim üçün xüsusilə yaddaqalan məqamlardan biri çıxışım zamanı auditoriya ilə bölüşdüyüm bir xatirə oldu. Bildirdim ki, iki il əvvəl oğlum həmin universitetin Cinayət hüququ ixtisası üzrə magistratura pilləsini əyani təhsil formasında fərqlənmə diplomu ilə bitirib. Bu sözlər zal tərəfindən gur alqışlarla qarşılandı. Sonradan öyrəndim ki, oğlumun müəllimləri onunla əlaqə saxlayaraq təbriklərini və xoş arzularını çatdırıblar. Bu, mənim üçün həm qürurverici, həm də duyğulandırıcı bir hadisə idi.

Yubiley tədbirlərinin kulminasiya nöqtələrindən biri Akılbek Şayaxmetin dövlət və ictimai qurumlar tərəfindən müxtəlif mükafatlarla təltif olunması oldu. Yazıçıya Prezidentin xüsusi Fəxri mükafatı təqdim edildi. Bundan əlavə, Kostanay vilayətinin akimi tərəfindən hədiyyə olunan avtomobil və digər qiymətli mükafatlar iştirakçıların alqışları ilə qarşılandı. Bütün bunlar qazax cəmiyyətində söz adamına göstərilən yüksək ehtiramın bariz nümunəsi kimi yadda qaldı.

Kostanayda keçirdiyimiz günlər daha bir mühüm hadisə ilə tarixə düşdü. 21 iyun 2026-cı il tarixində TÜRKSOY Yazıçılar Birliyi ilə Mərkəzi Asiya Beynəlxalq Yazıçılar və Tarixçilər Birliyi “Yanqi Ovoz” arasında əməkdaşlıq haqqında Memorandum imzalandı. Sənədə TÜRKSOY Yazıçılar Birliyinin sədri Ulukbek Yesdaulet və “Yanqi Ovoz” Birliyinin sədri Joldoşbek Monoldorov imza atdılar.

Memorandumun əsas məqsədi türk dünyasının ortaq ədəbi və mədəni irsinin təbliği, yaradıcı əlaqələrin genişləndirilməsi və beynəlxalq humanitar əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəddə türk respublikalarında beynəlxalq ədəbi-mədəni festivalların təşkili, yazıçı, şair, alim, jurnalist və incəsənət xadimlərinin iştirakı ilə forum və konfransların keçirilməsi, ortaq tarixi-mədəni dəyərlərin təbliği, gənc yaradıcıların beynəlxalq layihələrə cəlb olunması, birgə kitab nəşrləri və antologiyaların hazırlanması, ədəbi mükafatların təsis edilməsi, eləcə də türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması kimi mühüm istiqamətlər öz əksini tapıb.

Memorandum tərəflər arasında hüquqi öhdəlik yaratmasa da, gələcək əməkdaşlığın əsas konturlarını müəyyənləşdirən mühüm niyyət sənədi kimi böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlığın türk xalqları arasında ədəbi, elmi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə şübhə yoxdur.

Akılbek Şayaxmetin 75 illik yubileyi yalnız bir yazıçının həyat və yaradıcılığına verilən qiymət deyil, həm də türk dünyasının mənəvi birliyinin, ortaq dəyərlərinin və ədəbi həmrəyliyinin möhtəşəm nümayişi oldu. Kostanayda şahidi olduğumuz mənzərə bir daha sübut etdi ki, türk xalqlarını birləşdirən mədəni körpülər getdikcə daha da möhkəmlənir və bu prosesin əsas daşıyıcılarından biri məhz ədəbiyyatdır.