Şakir  Xanhüseynli - KÜÇƏ MÜĞƏNNİSİ

Ədəbiyyat 12:05 / 23.06.2026 Baxış sayı: 355

 

Küçə konsert zalındı, boş dayanmaq zülmdü,

bəlkə çoxdan yanmısan, buradakı külündü...

Nəzərimdən yayınmır önündəki boş qutu,

qəlbin dolu, umudlu, özün çal, özün oxu,

Daha nə istəyirsən...

Nə kiminsə əlində, nə cibindədi gözün,

baxırsan baxmırsan ki, görürsən görmürsən ki...

Sanki dünyadan qopub bura düşmüsən gizlin,

ucuzdu bu yaşamın dəyəri, bilmirsən ki;

Baha nə istəyirsən...

 

Özün öz aləmində- bu aləmdən uzaqda,

elə bil ki, hər qəmdən, hər ələmdən uzaqda...

Qəpik-quruşa sahib olmaq deyil istəyin,

təki rahatlıq tapsın, rahat olsun ürəyin;

Gör ha, nə istəyirsən...

 

Səsin güvəndiyin dağ, qoy ona qar yağmasın,

ötəmmirəm biganə, yanında durum bir az...

Oturmusan, çətindi, bax, ayağa qalxmasan,

xəyalımdan keçir ki, sənə sarılım bir az,

Sonra nə istəyirsən?!