.‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

YAZARLAR 12:42 / 22.06.2026 Baxış sayı: 446

 

Bəşəriyyətin əzəli,əbədi  mövzularından biri də müharibə mövzusudur. Gücüm yetdiyi qədər oxuduğum sənədli, bədii -sənədli əsərləri xatırlayıram. Bu əsərlərin  bir qisminin ən yüksək mükafata layiq olmasına əmin olsam da nədənsə  hələ də kifayət qədər nə  təbliğ olunur , nə  də ssenariləşdirilərək filmlər çəkilir.O siyahıya bu gün həyacanla,göz yaşlarıyla(həm də sevinc göz yaşlarıyla) oxuduğum Etibar Muradxanlının ‘’BAYATI -ARAZ’’ sənədli romanını əlavə  etdim.

Ordan başlayım ki,əsərin torpaqlarımızın işğal olunduğu zamanı xatırlatmaqla başlanması hər şeydən öncə  yazıçının insanlara və gələcək nəsillərə bir çağırışı kimi səslənir. Kiçik Nicatın  28 il sonra artıq yetkin birdöyüşçü kimi  göstərilməsi həm də  Azərbaycan  xalqının   ayağa qalxaraq torpaqlarını düşmən tapdağından xilas edəcəyinin simvoludur. Biz ,o qanlı-qadalı illəri unutmamışıq və əmin idik ki,səbrsizliklə gözlədiyimiz o gün gələcək,mütləq gələcək.Çoxumuz o mübarək tarixin dəqiq vaxtını bilməsək də,o günün  27 sentyabr 2020 -ci il  olduğunun hamılıqla  şahidi olduq.Etibar Muradxanlının  hər sətirini yaşayaraq  qələmə aldığı bu əsərvətən müharibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) 44 gün ərzində keçdiyi  məsuliyyətli ,məsuliyyətli olduğu qədər çətin və çətin olduğu qədər şərəfli  döyüş yolu nəinki Azərbaycan hərb tarixinə,dünya hərb tarixinə  göstərilə biləcək  usta,peşəkar dərstəsiri bağışlayır. Əsərin əvvəlindən sonuna qədər addım-addım irəliləyən döyüşçülərin illərlə keçdiyi hərbi təlimlərin  nə qədər yüksək səviyyədə olduğu içimizi fərəhləndirirsə, generalından ,sıravi döyüşçüyə qədər  hər birinin iç dünyasının nə qədər zəngin olduğunun,hər zaman başlarına gələ biləcək  ən çətin vəziyyətə psixoloji cəhətdən hazır olduqları səhnələrini oxuduqca içində qürur hissi yaşayırsan.Əsər əlli başlıqlı  olub,Qarabağın  müxtəlif  ərazilərində baş verən döyüş səhnələrini canlandırmaqla yanaşı hərbiçilərimizin  bir-biriləriylə səmimi,kövrək  söhbətlərinin də şahidi oluruq. Hər biri sanki sözləşərək  ‘’Əgər şəhid olsam arxamca ağlamayın,bu vətəni  sahibinə qaytarmaq hər birimizin müqəddəs borcudur.’’deyib şəhadət şərbətini ‘’Allahu Əkbər’’ kəlməsinə qataraq əbədiyyətə qovuşduqları səhnələr bizim də ruhumuza əbədi hopduğunu hiss edirik.

Əsərdə erməni əsirlərinə göstərilən humanist davranış içimizdə qıcıq yaradır və bunun çox təbii səbəbləri var.Ermənilər 1- ci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlı hərbi və mülkki şəxslərə qarşı  qəddar  rəftarları ilə  seçiliblər və bunu təsdiq edən saysız-hesabsız faktlar var. Bu baxımdan  Ermənistanın azərbaycanlı əsirlərlə davranışı ilə Azərbaycanın  erməni əsirlərlə davranışları  heç bir şəkildə müqayisə edilə bilməz.Erməni vandallarının  öz dilləriylə  qəhramanlıqlarına verdikləri  qiyməti müəllif  əsərin elə ilk səhifələrində çox mükəmməl qələmə alıb.  Britaniyalı jurnalist Tomas de Vaal Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandan soruşanda ki,’’Xocalı soyqırımı haqqında  nə düşünürsünüz?’’,o,’’ Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki,bizimlə zarafat eləmək olar.Onlar elə düşünürdülər ki,ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil.Biz bu anlayışa son qoyduq.’’  -deyə  cavab vermişdi.Amma biz o zamana qədər də ermənilərin belə bir vəhşilik törədəcəklərinə inanırdıq. Bunu onlar 1905-1906-cı illərdə törətdikləri soyqırımla,’’Böyük Ermənistan’’ xülyası ilə tarixin müxtəlif dövrlərində terror və soyqırım kimi bəşəri cinayət aktları ilə sübut etmişlər. Ancaq biz müasir dövrdə ,dünyanın gözü qarşısında ermənilərin Xocalı soyqırımı kimi bir faciə törədəcəklərini ağlımıza gətirə bilmirdik. Onlar bunu iyirmi birinci əsrin astanasında da bacardılar və müasir dünya buna göz yumdu. Biz də ermənilərin amansız  olduqlarına bir daha inandıq,onlar bunu bizə inanmağa məcbur etdilər. Onlar müasir insanın qadınları,uşaqları,yaşlıları,dinc sakinləri vəhşicəsinə öldürə bilməmək sreotipini məhv etdilər.

Baş leytenant Qubadovun  mayor Yusubovdan  erməni əsiri Vaçaqan Antoyanla təkbətək görüşməsini xahiş etməsi  səhnəsi  və Qubadovun Xocalıda baş verənləri xatırlaması,bu ağrıların ürəyinin  dərinliklərində  əbədi  silinməz iz qoymasına baxmayaraq  humanist davranışı  bir daha söylədiklərimizin bariz nümunəsidir.  Hər birimiz əlimizə aldığımız kitabın adna və müəllifin kim olduğunu mütləq nəzərə alırıq. 44gün davam edən döyüşlərdə Azərbaycan Zəfər tarixini yazdı. Azərbaycan  bütün dünyaya  gücünü,qüvvətini həm də vətənə olan sevgisini göstərdi. ‘’ BAYATI-ARAZ  ’’ təkcə müharibə xatirələri kitabı deyil,həm də vətən savaşının canlı salnaməsidir.  Müəllif hadisələri saatbasaat izləyərək  oxucunu döyüş meydanının içərisinə aparır,tarixi faktları  şəxsi müşhaidələr  və milli yaddaşla birləşdirir. Kitabın ən böyük üstünlüyü hadisələrin emosional təsvirindən daha çox,onların ardıcıllığını və həqiqi axarını qoruyub saxlamasıdır.

Bu əsər Azərbaycan hərb tarixinin öyrənilməsi baxımından  mühüm mənbələrdən biri kimi dəyərləndirilə bilər. Xüsusilə Arazboyu bölgələrin ,Cəbrayılın, Zəngilanın ,Xudafərinin  və ətraf ərazilərin  işğaldan azad olunması prosesinin dəqiq  və ardıcıl şəkildə  təqdim edilməsi  gələcək nəsillər üçün  qiymətli tarixi yaddaş nümunəsidir

‘’BAYATI-ARAZ ’’ da yalnız torpaqların azadlığı deyil,həm də bir nəslin ruhu əks olunur.1 -ci  Qarabağ müharibəsinin qəhramanlarının fədakarlığı arasında görünməz bir körpü qurulur. Bu baxımdan əsər həm tarixi sənəd,həm də milli-mənəvi dəyər daşıyan ədəbi salnamədir. Məncə ,xüsusiylə vurğulanmalı məqam   budur ki,belə kitablar sadəcə müharibədən bəhs etmir,gələcək tarixçilər üçün ilkin mənbə rolunu oynayır.Hadisələrin saatbasaat  qeydə alınması Azərbaycan hərbi memuar  və sənədli ədəbiyyatında nadir rast gəlinən  və xüsusi əhəmiyyət daşıyan bir yanaşmadır.

Tarix yalnız böyük qələbələrlə deyil,həmin qələbələrin  addım-addım necə qazanıldığını qoruyub saxlayan əsərlərlə yaşayır. ‘’ BAYATI -ARAZ’’   da Vətən müharibəsinin qəhramanlıq salnaməsi gələcək nəsillərə çatdırılan belə qiymətli əsərlərdən biridir.  Əsərin hər bölümündə neçə-neçə igidlərin (şəhid  və qazilər)eləcə də hərbi hissədəki rəhbərlərin,səhra jurnalistlərinin,ailəli hərbiçilərin bir-biriləriylə  səmimi,kövrək söhbətlərinin şahidi oluruq.  Belə səhnələri inanıram ki,hər kəs oxuduqca göz yaşlarını saxlaya bilməyib. Müəllif  belə söhbətlərlə bir daha  Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin  həyatımızda nə qədər mühüm və əhəmiyyətli olduğunu göstərməklə yanaşı eyni zamanda belə dəyərləri ustalıqla təbliğ etməyə nail olub.

PS Bu  əsəri oxuduqdan sonra həm də dərindən köks ötürüb içimdən gələn səs eşitdim. Üzdə çox sakit ,təmkinli görsənən dəyərli Etibar bəyin içində nə vulkanlar var imiş....Etibar Muradxanlını təqdim edərkən leksikonumda bildiyim ən yaraşan ifadələri işlətdiyimi zənn etmişdim,  bu əsəri  oxuduqdan sonra  anladım ki, çox az demişəm.

Jalə Cəfərova. Yazıçı-publisist.