Ağamir Cavad - DÜNYA, KÖYNƏYİNDƏN KEÇƏ BİLMƏDİM

Ədəbiyyat 22:00 / 21.06.2026 Baxış sayı: 660

 

Taleyin yazından, qışından keçdim,

Dağından adladım, daşından keçdim,

Neçə ehtiyacın dişindən keçdim,

Dünya, köynəyindən keçə bilmədim.

 

Gücün, var-dövlətin zor gəldi mənə,

Düzümdən dönmədim, ar gəldi mənə.

Köynəyin nə yaman dar gəldi mənə,

Dünya, köynəyindən keçə bilmədim.

 

Yalanla, tamahla ölçüldü qaldı,

Çoxunun əyninə biçildi qaldı,

Mənimçün özüntək kiçildi qaldı,

Dünya, köynəyindən keçə bilmədim.

 

Həyatın keçilməz izindən keçdim,

Riyasız, boyasız sözümdən keçdim.

Səbirmlə boy atdım, dözümdən keçdim,

Dünya, köynəyindən keçə bilmədim.

 

Öyrəndim sehrini bu yerin, göyün,

Dərdi, sevinci də oldu toy, düyün.

Geyindim əynimə haqqın köynəyin,

Dünya, köynəyindən keçə bilmədim