Ayaz Arabaçı - BU ŞƏHİD ANASI NİYƏ DİLƏNİR...
Göyün nəyi var ki,nə versin ona,
Yalvarıb əl açır göyə, dilənir,
İnsanlıq-adamlıq dirənib sona.
Yoxdu yox, bir duran yiyə, dilənir.
Varı tükürpədən bu məmləkətdə,
Bu şəhid anası niyə dilənir..
Bəxtmi gətirməyib ta əvvəlindən,
Qopub Gövhəri ndən, itib ləlindən,
Bəlkə yarımayıb oğul-uşaqdan,
Bəlkə yarımayıb qızdan-gəlindən..
Şalvarı-köynəyi özündən yekə-
Yetim bir uşağın tutub əlindən,
Bu şəhid anası niyə dilənir..
Ürəyi nə qədər yükləmək olar,
Ürək neynəsin ki, ürək yaradı..
Elə keçmişdə də, elə indi də,
Zülüm yetimlərə-yalqızlaradı.
Mənim etirazım heç kimə deyil,
Qanunlar yazılmış kağızlaradı!
Sözümdə söz gəzmə kələmbaş oğraş,
Sualım köpüklü ağızlaradı-
Bu şəhid anası niyə dilənir..
Sulanıb yetişib şəhid qanıyla,
Cənnət ölkəsi var, bağından yemir.
Niyə qara günün dalınca düşüb,
Niyə ağ günlərin ağından yemir..
Niyə süfrəmizin başında deyil,
Niyə gözümüzün yağından yemir,
Bu şəhid anası niyə dilənir..
Gedib gücənməsin kücdə-bucaqda,
Sözü var, sözünü üzbəüz desin.
Gah nala, gah mıxa dəbbələməsin,
Qeyrəti çatanın biri düz desin.
Bu sual hamıya ünvanlanıbdı,
Kimdi günahkarı?
hamı- biz desin.
Biz deyə bilmirik lal ördək kimi,
Bəlkə qızılımız,neftimiz desin,
Bu şəhid anası niyə dilənir..
Unudub Allahı,unudub haqqı,
Dərdinə qoşulub budanmadıqmı..
Dilənir dilənsin, bizə nə,deyib,
Doğma anamıztək tutammadıqmı..
Gördük ağrısını peysərə verdik,
Ölüb-yerə girib utanmadıqmı???
Bu şəhid anası niyə dilənir,
Bu şəhid anası niyə dilənir...