Şakir  Xanhüseynli  - TƏNDİR-EV ARASI YOL

Ədəbiyyat 12:16 / 22.06.2026 Baxış sayı: 485

 

Xamırı tabaqda yoğurmaq kimi

təndirə yapmaq da düzən istəyir.

Kündələri təndir üstə aparmaq

bir gözəl, müqəddəs işdi elə bil.

 

Səliqə-səhmana gətirmək gərək

ən əvvəl təndirin həndəvərini.

Çox yaxşı bilirlər ana, bacılar

qolçağın yerini, şişin yerini.

 

Uğursuzun biri əl üstə gəlsə,

kündə küt gedəcək,

bu ki istənməz.

Əlimin üstünə gəlməyin deyə

öncədən xəbərdar edilir hər kəs.

Evdən uzaqda da təndir sanasan

isti, sərin tutur ev havasını.

Əlinə aldığın isti bir çörək

həm də sərinlikdi, dərk etsən bunu.

Bəli, təndir ilə ev arası yol

heç vaxt kəsilməyən ümid yoludu;

Sözümü salmayın qəribçiliyə,

uzun əsrlərin bir görküdür bu!..