Şahnsaz Şahin - BAŞQA ZAMANLARIN ADAMLARI
(və ya Tibb işçilərinə gecikmiş təbrik)
Esse
Çox şeyə gecikmişəm mən, bəzilərindən bilərək imtina etmişəm, bəziləri də yanımdan sürətlə ötüb keçib. Bir mən yox, elə əksəriyyətimiz belədir... Ötüb keçən də təkcə fürsətlər olmayıb ki.., onlarla birgə gərəkli anları da, dost və yaxınları da hiss etmədən keçirmişik başqa zamana... Əşşi, nə var hələ, hər şeyin ən yaxşısı irəlidədir, qismət, filan kimi əlaqəsiz səbəblərlə ertələmişik. Bəzən o sonralar sonra bir də heç vaxt gəlməyib, biz vaqonun pəncərəsindən ətrafı ötəri seyr etməklə kifayətlənərkən, zamanımızın da ötüb keçdiyindən xəbər tutmamışıq...
Yazı prosesi əziyyətli prosesdi, bilənlər bilir, amma ondan daha betəri o yazı işinə hazırlıq prosesidi. Günlərlə əlinə qələm almaya bilərsən, bilgisayara yanıq verib, gözünün ucuyla da baxmadan yanından o yan bu yana keçərsən, amma daxili sarsıntılarına sahib olmaq sənlik deyil!.. Gecələri yuxunu su üzərində yatmış kimi başa vuranda, çarpayı əlindən zinhara gələndə görüm səni... Uçuq-sökük gecələrin dağıntıları altından canını bir gecə də salamat çıxardığına görə tanrıya şükürdə bulunub söz verərsən özünə...
Mənə elə gəlir ki, hər kəs geridə qoyduğu ömrün xəyali seyrinə çıxarkən, mütləq nəyisə dəyişmək keçir fikrindən, hələ bunun üçün nə qədər “keşkə...” deyib dizinə vuran da var. Keşkə, yəni bir də yaşasaydım filan səhvi etməzdim, filan işi başqa cür görərdim... Hələ bir az da irəli gedib tamam ağappaq səhifədən başlamaq da istəyir ... bax, sən də, elə mən də, o da.., hamımız. Yəni səhvsiz, peşmanlıqsız, ideal bir yol arzulayırıq.., varmı?!..
Əvvəldə dedim axı, çox şeyə gecikmişəm, bax indi də bu yazı üçün bəlkə də gecdir, artıq iyun ayının 17-si- təqvimdə “Tibb işçilərinin Peşə Bayramı Günü” xeyli geridə qalıb. Yadıma illərin o üzündə qalan o qədər dəyərli yaşantılar düşür ki... Bəziləri könlümü güldürsə də, bəzilərindən göy üzü kimi tutuluram. Axı, bir fransız filosofunun söylədiyi kimi, insan zamanın içində deyil, zaman insanın içində yaşayır...
İnsan taleyi ilə qoşa doğulur deyirlər, kiçik yaşlarımdan yaşıdlarımla oynayanda xüsusi oyun qururdum, “həkim-xəstə” oyunu. Bunun üçün sınıq şüşə parçalarını və küçəmizdə bitən “sarıtikan”ın iynələrini toplayırdım. “Xəstələrim” yaşca məndən həm böyük, həm də kiçik uşaqlar olurdu. Onları “müayinə edib” analiz üçün barmaqlarından qan götürürdüm... Sonra həmin oyun mənim taleyimə çevrildi.
Ali məktəbin ordinator mərhələsində idik, bəzi həkim- müəllimlərimiz bizimlə yeri düşəndə öz təcrübələrini də bölüşür, məsləhətlərini verirdilər. Qara Qarayev adına Uşaq Xəstəxanasının indi adını unutduğum xanım həkim bir kolleqa kimi çox qiymətli tövsiyyəsini verdi bizə:
-Siz artıq müstəqil həkimsiniz,-dedi, təyinat yerinizə gedəcək və işə başlayacaqsınız. Harda işləməyinizdən asılı olmayaraq heç vaxt xəstə sahibinin verdiyi şirin vədlərə inanmayın və həmişə işinizi məsuliyyətlə görün. Xəstə ağır olanda həkimə vədlər verən çox, amma sonra yerinə yetirən az olur... belə yalan vədlər həkimi incidir, qəlbini qırır, sonra qarşı tərəf kim olursa olsun etibarını itirir... Həyat və iş təcrübələrim həmkarımın haqlı olduğunu sübut etdi, nə yaxşı ki, heç zaman gözüm xəstənin cibində olmadı!..
Bu yerdə mərhum professor Asif Abdullayevi xatırladım, uşaq xəstəlikləri üzrə ünlü mütəxəssis və uzun illərin praktik həkimi kimi rayonumuzda keçirilən seminarda söylədikləri yaddaşıma ömürlük həkk olundu. O deyirdi ki, “əziz həkimlər, ağır xəstədən qorxmayın, qəbul edin, müalicə tədbirləri görün. Doğrudur, on xəstədən bir, ən yaxşı halda ikisi həyata qayıda bilər. Amma siz, həmin o bir nəfərə görə on ağır xəstəyə yardım edin...” Mən də hətta aqonal vəziyyətdə olan və çiyin yoldaşlarımın müalicəyə almağa ürək etmədiyi xəstələri qəbul etdim, gecə-gündüz bilmədən bütün biliyimi, savadımı işə salıb həyata dönməyinə vəsilə oldum. Bununla yanaşı vicdanımı da təmiz saxlaya bildim, nəfsimin hakimi olmağı bacardım. İmkanlı ya imkansız olmasından asılı olmadan hər xəstəyə eyni sevgi, qayğı və məsuliyyətlə yanaşdım.
Həkimin zəhmətini xalq həmişə dəyərləndirib, yadımdadı keçən əsrin ikinci yarısında uzaq kənddə işləyən bir tanınmış həkim dostuna məktubunda təqribən belə yazırdı: “ Dostum, bura çox xoşuma gəlir, camaat mehriban və hörmətcildir, mən onları müalicə edirəm, onlar da mənə kənd payı gətirirlər...” Əslində həkimin əməyinə dəyər ilk öncə xalqdan gəlib elə, adına da hörmət deyiblər. Mən də istəməsəm belə zəhmətimə müəyyən formada dəyər verənlər də oldu, sağalandan sonra gecəylə yığışıb bir təşəkkür belə etmədən xəstəxanadan gedənlər də...
Həkimlik bütün sivilizasiya və formasiyaların ehtiyac duyduğu peşədir. Dünya yaranandan insanlar bildiyi, öyrəndiyi vasitələrlə özlərini müalicə ediblər. Beləcə təbiətin dilini də öyrəniblər, ondan faydalanmağı da. Bu gün də təbii tərkibdə olan müalicıvi preparatlar kimyasal dərman maddələrini üstələyir. “Min dərd varsa, min bir dərman var” deyib ulularımız, həmin o min bir dərman təbiətin özündədəir!..
Bu qədim peşə sahiblərinin çətin və şərəfli işindən danışarkən gözlərim önündən neçə-neçə mələk simalar gəlib keçir... Onların bəziləri dünyasını çoxdan dəyişib, amma əməlləri mənim kimi nə qədər insanın yaddaşında yaşayır və yaşayacaq...
Gün gəlir darıxır adam,
durub haçansa ləçəklərini yolduğu güllərdən,
havaya sovurduğu günlərdən əfv diləmək istəyir...
...Uşaq idim, axşamçağı şər qarışan vaxtı həyətimizin bir tərəfinə yığılılmiş müxtəlif ölçülü dəmir “şveler”lərin yanında oynadığım zaman divara söykənmiş qalın və enli “şveler”in biri üstümə aşdı. Zərbə məni düz başından tutdu və bir andaca alnımın dərisi iki yerə ayrıldı. Yaxınlıqda olan anam tez məni qucağına alıb, hardansa tapdığı parça ilə yaranı sıxıb bağladı. Sonra məni iri yaylıqla kürəyinə “şəlləyib”, rayon mərkəzinə getmək üçün mərkəzi yola tələsdi...
Doktor Əliş Nəsirov... Bu ad, bu sima və həkimin cərrahiyyə stolunda ruha məlhəm sehirli səsi... İlahi, həkim belə olar də!.. Alnıma tikiş qoyduqca mən hündür səslə qışqırıb ağlayırdım, o isə peşəkarlıqla işini görür, arada üzümə tərəf əyilib, xüsusi intonasiya və asta səslə :-“Yavaş, ağlama, yoxsa yaran qan olar...” deyirdi...
O zamandan uzun-uzun illər ötüşüb, o adamlar günəş kimi dağların o üzünə çəkiliblər. Onda nə təbabət bu qədər inkişaf etmişdi, nə də xəstəliklər siyahısına yeni adlar əlavə olunmuşdı. Həkimin diaqnostik aləti ilk növbədə onun möcüzəli əlləri, fonendaskop, stetoskop və arterial təzyiqi ölmək üçün istifadə edilən tanometr(Riva-Roççi aparatı) idi, ehtiyac olarsa rentgen müayinəsi və laborator analizlər... Hələ anamnez, yəni xəstədən xəstəliyi haqqında məlumatların toplanması.., bu, əsas mərhələ idi, çox vaxt xəstəliyin ipucunu elə anamnezdən əldə edirdilər...
Zaman başqadır, tibb elminin sürətli inkişafı həkimin də işini asanlaşdırıb. Ən müasir müayinə metodlarını dəstəkləyən tibbi avadanlıqlar vasitəsiylə orqanizmdə hüceyrə səviyyəsində gedən patoloji prosesləri aşkarlamaq indi çox sadədir. Amma çox təəssüf, hələ də həkimlərin qarşısında aciz qaldığı xəstəliklər çoxdur. Bəzi xəstəliklərdə isə sadəcə vəziyyəti yüngülləşdirməklə keçinməyə məcburdurlar. Xəstəlik törədiciləri, mikrob və viruslar da sanki müasirləşərək “xasiyyətini” dəyişib...
Bir az qidalarımız, bir az havamız- suyumuz, bir az da münasibətlərimiz və özümüz dəyişimişik, aşırı həssaslıq, stres , aqressiya və həyəcan, dünyamızda baş verən qlobal dəyişiklilər də sağlamlığa təsirsiz ötüşmür. “Kəpənək effekti” unudulmamalıdır, dünyanın bir başı mütləq xoşbəxt, digəri bədbəxt ola bilməz... Təbiət də Tanrının kitabıdır və dünyaya tarazlıq, insanlara şəfa kodu ondadır... Onun öz qanun və qaydaları var, əksinə gedənlərə intiqamı ağır olur Təbiətin. Gəlin sonuncu ağac kəsilmədən, sonuuncu balıq tutulmadan, sonuncu bulaq qurumadan, sonuncu quş ovlanmadan , sonuncu çiçək solmadan düşünək... Düşünək...