Əbülfət Mədətoğlu - AŞAĞI

Ədəbiyyat 12:12 / 24.06.2026 Baxış sayı: 192

Gözümə yük olan yorğunluğumu

Çırpdım kipriyimdən yaxam aşağı...

Səni göy üzündə axtardığımdan -

Çəkindim nə vaxtsa baxam, aşağı!..

 

Əyildi üstümə həm duman , həm çən

Çiləndi ömrümə nöqtə, nöqtə dən...

İstədim özümü uca nöqtədən -

Qaldırıb başıma , çaxam aşağı!

 

Çırpıntı içində yaralı Qu tək...

Qalıb öz-özüylə Əbülfət - bu, tək!

Bacara bilmədim, bir damcı su tək -

Sızıb qayalardan axam aşağı!..