Zəka  Vilayətoğlu - Yetməz (QƏZƏL)

Ədəbiyyat 18:37 / 25.06.2026 Baxış sayı: 337

QƏZƏL

Sən elə cansan, əzizim, canı versəm belə, yetməz,

Saçına düzmək üçün hər gülü dərsəm belə, yetməz!

 

Yeni bir vəsf üsulu arayıb-axtarım gərək,

Necə bir cənnət ola, qoynuna girsəm belə, yetməz.

 

Qollarım bağlı deyil ki, bəs nədən bağlı kimidir,

Nə qədər yalvarsam da, aç onu dersəm belə, yetməz!

 

Elə bir mənzərə ki, seyrinə dalmaq o qədər xoş,

Üzünü yüz dəfə yox, min dəfə görsəm belə, yetməz!

 

Bir kərə dodaqların Zəka desə, şəfqət ilə, bil,

Şaşırıb, fərəhimdən qəfildən ölsəm belə, yetməz!