Qəşəm İsabəyli -ANAM
(hekayə)
1.
–Anaaaa! Ay anaaaa!... – Atamla mübahisə edib, axşam qaranlığında qəflətən evimizdən yoxa çıxmış anamı axtarırdım. Həyəcanla özümü kol-kosa vurur, əl-ayağım cızıq-cızıq olmasını belə hiss eləmirdim. Çığırmaqdan səsim batmışdı. Anam səsimə səs vermirdi.
Bir də gördüm böyük bacım çağırır:
–Şəmşəm, ay Şəmşəm!
–Anam gəlib?!
–Qurd-quş səni basıb yeyər, orda nə gəzirsən?!
–Anam gəlib?!
–Gəlib!
Necə qaçmağa başladımsa, bir də gördüm anamın qucağındayam.
–Ay bala, qaranlıq gecədə kəndin qəbirastanlıq tərəfində nə gəzirdin?!
–Ay ana, sən yox idin axı!
–Görmürsən qardaş-bacıların hamısı evdədi, amma sən...
2.
Yatağa vaxtında girsəm də, yuxum aparmadı. Bir xeyli yerimin içində o üz-bu üzə çevrildim.
–Ay bala, niyə yatmırsan?!
–Yatacam, ana! Bəs sən niyə yatmırsan?!
–Yatacam, bala! Gözünü yum, yuxu gələcək, yat oğlum!
Bir azdan yuxu apardı məni. Gördüm ki, anam ölüb. Bacı-qardaşlarım bir qıraqda dayanıb, anama baxırdılar. Amma mən anamın boynunu qucaqlayıb, ağlayırdım:
–Ana, gözünü aç, ana!
Öz səsimə ayıldım. Yavaşca durub oturdum yerimin içində. Gördüm anam arxası üstə uzanıb, gözlərini də bərk-bərk yumub. Balaca qardaşım kimi iməkləyə-iməkləyə gedib durdum yanında. Diqqətlə üzünə baxmağa başladım. Anamın dodaqları bir-birinə kip yapışmışdı. Gözləri də... yumulu... Nəfəsinin gəldiyini də hiss eləmədim. Ürəyim titrədi: “Bəlkə anam ölüb?!”
Gözlərim böyüyüb, dumanlandı.
Tez sinəsi üstdəki yorğana baxdım.
Az qaldı çığıram. Yorğan asta-asta qalxıb-enirdi.
16 -25.06.2026