ÇƏTİNMİŞ, ÇƏTİN -  yazdı  Ələddin  Əzimli

Ədəbiyyat 13:24 / 26.06.2026 Baxış sayı: 335

 

Keçdim

köhnə dəyirmanın boğazından,

unluğundan, dənliyindən.

Çətin oldu, çox çətin.

Yapışdım anamın

o vaxtdan qalma köhnə ətəyindən.

Dizin-dizin,

üzü üstə süründüm.

Nə çətinmiş sınaqları həyatın.

Günlərin birində

göründüm su üzündə.

Lap

köhnə filmlərdəki tək

özümü

dar ağacında gördüm.

Dünyaya, işığa açılan

kiçicik bacada gördüm.

...Çətin imiş, çox çətin

sınağı dünyanın, gedişatın.

İndi bu anımda

zərrə-zərrə boy verirəm

Günəşə, qaranlığa, küləyə.

Sanki təzədən körpəyəm,

möhtacam anama, bələyə.

Titrək addımlarla

sənə doğru gəlirəm.

Arada kövrəlir,

nəmli gözlərimi silirəm.

Silirəm ki gözlərimi,

seçə bilim izlərini.

Çətin də olsa,

xatırlaya bilim mənsizliyini,

qönçə tək

mənə sarı açılan

o nurlu,

dərdimə məlhəm gözlərini...

22 iyun, 2026-cı il.

Bakı, xəstəxana