Mənim məğrur ordum - yazdı  Rəfail Tağızadə

Ədəbiyyat 18:19 / 26.06.2026 Baxış sayı: 156

 

Olanı talayıb, varı sökdülər,

Gözləri doymadı, barı sökdülər,

Bunlar elə tayfa, elə kökdülər,

Qonaq gələn yerə deyirlər: yurdum.

Düşmənin istəyin gözündə qoydun,

Mənim məğrur ordum, qəhrəman ordum!

 

Sızladı, odlandı yaralı yerlər,

Bizdən uzaq düşən aralı yerlər,

Dönər gülüstana saralı yerlər.

Sənin addımınla göyərər yurdum,

Mənim məğrur ordum, qəhrəman ordum!

 

Zaman bu zamanmış, məqam bu məqam,

Sabaha ümidli, dünənə yadam,

Sənin hər uğruna sevinnəm, şadam.

Həsrət torpağımda toy-busat qurdum,

Mənim məğrur ordum, qəhrəman ordum!

 

Hər döyüş millətin tarix yazısı,

Qurtuluş yazısı, taleh yazısı,

Ağrını unudan fateh yazısı.

Müqəddəs torpaqdan xaini qovdun.

Mənim məğrur ordum, qəhrəman ordum!