Ayaz  Arabaçı - OFİSDƏN..

YAZARLAR 12:20 / 26.06.2026 Baxış sayı: 351

 

Gecələri gec yatıram. Deyim ki, gərgin işləyirəm, xeyr..Gecələr işləməyi heç sevmirəm.. (Bu arada diqqətiniz məndə olsun, yazı-pozu işlərini nəzərdə tuturam)

Mənim bütün işlərim əlüstü olur. Necə deyərlər tezbazar. Dünən axşam stolumun siyirməsində çoxdankı dərman reseptini axtarırdım, əlimə köhnə bir qəzet parçası keçdi.

O parçadan iri hərflərlə epiqraf kimi yazılmış bu sözləri oxuyub təəccübləndim..Deməli bizdə də haçansa belə sözlər yaza bilən qəzetlər buraxılıb.

Qəzet parçası sapsarı saralmışdı, Yəni Nuh Nəbidən qalmaydı..

Yazı beləydi:

Pulnan şərəf qazanma, şərəfinlə pul qazan ki, pulun qurtaranda şərəfin qalsın"

Biz elə bir zamana gəlib çıxmışıq ki, indi dəyərin ölçüsü sözümüzlə yox, cibimizin qalınlığı ilə ölçülür.

Məclisə girəndə səndən əvvəl kimliyin, şəxsiyyətin, dəyərin yox, maşının, vəzifən,kostyumun girir..

Bu acı mühitin içində çoxları şərəfi pula çevirmək yarışına qoşulub.

İmkanı olanlar hörməti indi pulnan alıb qoyurlar başlarının altına və olurlar böyük adam. İllərdi ki seyr edirəm, nə qədər adamların pulu azalanda, qurtaranda hörmətinin də səsi batır.

Kirayə hörmətin ömrü uzun olmaz.

Mən əsasən fizik olduğum üçün mexanikanın qızıl qaydasını xatırlatmağı borc bilirəm.

Mexanikada belə bir prinsip var, nə qədər qüvvədən qazansan, bir o qədər yoldan itirərsən. Heç bir mexanizm boş yerə üstünlük yaratmır. Bir tərəfdə qazandığını başqa tərəfdə itirirsən.

Bunu anladan çoxlu atalar məsəli var ki, onları da özünüz yadınıza salarsınız.

Şərəflə pul qazanmaq başqa mexanikadır.

Onun formulu kişinin sözüdür, zəhmətidir, dürüstlüyüdür. Yol uzundur.. nəticə gec hasil olur.

Bu gün varıq, sabah yox.. Xəstəliklər gəlir, bazar qanunları dəyişir, işdən çıxardırlar, qocalıq qapının ağzını kəsdirir.

Ona görə gərək şərəfi bazara çıxarmayasan.

Yəqin bilirsiniz Mövlanənin belə bir sözü var:

“Nə əlbisələr gördüm içində adam yox, nə adamlar gördüm üstündə əlbisə yox.”

Adamların özünü olduğu kimi göstərməkdən çox, göründüyü kimi olmaq istədiyi bir dövrə gəldik.Hər şey nümayişə çevrilib ev, maşın, vəzifə, hətta yaxşılıq da.

Ona görə də bu gün kasıblıqdan daha təhlükəli bir şey var, o da mənəvi yoxsulluqdur.

Bu yazıları yazmaqda kiməsə bilikli olduğumu göstərmək, alim kimi görünmək niyyətim yoxdur. Mən nə qərar verənəm, nə də hökm çıxardan. Sadəcə hiss edirəm ki, mənəvi sütunlar səssiz-səssiz aşınır.

Əgər bir fikrim bir cümləm kimisə düşündürürsə, kimisə test elətdirirsə, bir adam pulu yox, sözü, vicdanı, etibarı ucaltmağı seçirsə deməli yazmağa dəyər.

Söhbət bu gün getdikcə cəngəlləşən vəhşiləşən cəmiyyətdə İnsan qalmaqdan gedir.

İnsan qalmağı seçin. Hamınızı sevməyə davam edirəm..