SÜLEYMAN ABDULLA - ÜSTÜNƏ
Çox şey dəyişdi ətrafda,-
dostlar,
yol,
xəstəliklər,
Yaş gəldikcə yaş oldu işlər yaşın üstünə.
İstər şərdə xeyir gəz, istərsə xeyirdə şər,
Əlin sual tək qonsun qara qaşın üstünə.
Gecə yuxuda şah ol, gündüz fəhlə - daş daşı,
Quru yuyub sərdiyin adamları yaş daşı.
Nə ad qoyursansa qoy, - elçi daşı, başdaşı,
Daş qoyan tapılmadı çopur daşın üstünə.
Nə bilim nə dərd gəlir hər rəngin çalarından,
Gündüz yenilgisindən, axşam udmalarından.
Kimin sığortası var ürək tutmalarından,
Bir də həyəcan gətirər xof təlaşın üstünə.
Qızıl güllə yaraşmır hər kəsin qaşqasına,
Ya daş sına, ya da baş, ya da ki qaşqa sına.
And yeridir birinə , qurbanlıq, - başqasına,
"Baş üstə" deyə biri bir də başın üstünə.