Əlizadə Nuri - Kül

Ədəbiyyat 20:30 / 26.06.2026 Baxış sayı: 187

 

Kağız tonqalında yandı bu ömür-

Mən adam külüyəm, ya kağız külü?

Canıma hördüyüm o qız da yandı-

Bir az öz külümdü, bir az qız külü...

 

İndi hər ayrılıq ömürdən uzun,

Ölümlə oyunda ömür uduzur.

...Hər axşam yandırır ayı-ulduzu,

Tanrı səhər yığır ay- ulduz külü.

 

Dərd çaxmaq daşıdı- daşdan

yanmışam,

Ayaqdan od alıb, başdan yanmışam.

...İlahi, nə yaxşı eşqdən yanmışam-

Baha eləmişəm bu ucuz külü.