Təranə  Məmməd - Qəsdən üstüörtülü danışdım ki...

YAZARLAR 20:00 / 14.05.2026 Baxış sayı: 483

Həmişə hesab etmişəm ki, kiçik hekayə yazmaq roman yazmaqdan çətindir. Hekayə yazmaq bir darısqal otağa bir neçə otağın əşyasını yerləşdirmək kimidir.

Haqqında danışacağım hekayənin məzmununu sizə danışmaq istəməzdim. Ona görə ki, istərdim onu özünüz oxuyub qiymət verəsiniz.

Ümumiyyətlə, hesab edirəm ki, hekayənin məzmunu ya gərək reallıqdan və mental yanaşmadan çox uzaq ola ya da əksinə çox real və məhz xalqa məxsus olan həyatı əks etdirə.

Məhz onda hekayə qəbul olunur və oxunur.

Arif Ərşad ın mənə hədiyyə etdiyi "Hekayələr " kitabını oxuyurdum son günlər.

Oxuduqca da hekayələrin bu və ya digər şəkildə azərbaycanlılığının şahidi olurdum. Dünyanın harasında olursa olsun bu hekayələr bizimdir. Onlar bizi, bizim həyat tərzimizi əks etdirir. Məncə bu hekayələrin müsbət və üstün cəhətidir.Çox təəssüf edirəm ki, Arif Ərşad "Billur külqabı" adlı hekayəsində də məhz real həyatı, orda baş verənləri ustalıqla qələmə alıb.

Soruşarsınız ki, niyə təəssüflə?Çünki həyatda belə halların yaşanmasını istəməzdim.

Hekayəni oxuyarkən düşündüm ki, insan niyə qatil olur?Niyə insan başqa birisinə əl qaldırıb onun həyatına son qoya bilir? Və doğrudanmı həyatda baş verən hadisələr bəzən ən gözəl insanı qatilə cevirə bilər? Cavab tapa bilmədim. Amma hekayədə gözümün qarşısında ideal bir insan başqasını öldürəcək qədər dəyişdi.

Bəlkə də dərindən düşündükdə əsərin qəhrəmanına bəraət qazandırmaq olar, lakin qanun qarşısında cavab vermək kimi məsuliyyəti var hər kəsin.

Hekayənin qəhrəmanını bir sözlə xarakterizə edərdim. Kişi. Məhz bu sözü ünvanına eşitdikdən sonra qəbul etdiyi qərar onu ...

Yox deməyəcəm hara və necə aparır.

Hekayədə baş verənlər cavan ailədə qısqanclıq nəticəsində baş verən kiçik hadisədən iki dəfə ölüm hadisəsiylə nəticələnən ağır,psixoloji baxımdan mürəkkəb bir duruma gətirib çıxarır.

Düzünü deyim ki, mən bu hekayəni oxuduqdan sonra qəhrəmanlar arasında əsl günahkarı, müqəssiri axtardım. Amma tapa bilmədim. Yeganə ağlıma gələn həyatımızda hələ də mövcud olan çirkinliklər,qadın xəyanəti və bütün bunlara mental əsaslar baxımından münasibət oldu.

Bu gün hörmətli yazıçımız Arif Ərşada təşəkkür hissiylə onun "Hekayələr" kitabının yalnız bir neçə səhifəsindən qəsdən üstüörtülü danışdım ki, bu kitabı mütləq oxuyasınız